Son illərdə yüksək bal yığan tələbələrin çoxu təhsilini davam etdirmək üçün xaricə gedir. Onlar daha yaxşı təhsil, geniş imkanlar və gələcəkdə yaxşı iş tapmaq üçün bu yolu seçirlər. Amma bu vəziyyət həm də ölkədə təhsilin və iş imkanlarının yetərli olub-olmaması ilə bağlı suallar yaradır. Tələbələr niyə çıxış yolunu xaricə üz tutmaqda görürlər?
Təhsil üzrə ekspert Kamran Əsədov Qaynarinfo-ya bildirib ki, yüksək bal toplayan tələbələrin ölkə xaricinə üz tutması Azərbaycan təhsil sisteminin ən ciddi problemlərindən biri kimi qalır:
"Əslində, bu proses qlobal miqyasda təbii bir hərəkətlilik hesab edilsə də, daxildə bunun kütləvi xarakter alması həm beyin axınına, həm də maliyyə itkilərinə gətirib çıxarır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hər il ali məktəblərə qəbul imtahanında iştirak edən abituriyentlərin təxminən 20-25 faizi 500-dən yuxarı bal toplayır. Amma bu qrupun xeyli hissəsi yerli universitetlərdə oxumaq əvəzinə xarici ölkələrin ali təhsil müəssisələrinə üstünlük verir".
Ekspertin sözlərinə görə, Azərbaycanda yaradılan Təhsil Tələbə Krediti Fondu təhsilin əlçatanlığını artırmaq məqsədi daşıyır, amma praktikada bu alətlər yüksək bal toplayan tələbələrin gözləntilərinə cavab vermir:
"Çünki onlar sadəcə təhsil haqqını ödəmək imkanını deyil, həm də yüksək səviyyəli tədris mühiti, beynəlxalq tanınma, müasir laboratoriyalar, akademik mühit və məzun olduqdan sonra karyera təminatı gözləyirlər. Təəssüf ki, Azərbaycan universitetlərinin əksəriyyətində bu imkanlar məhdud şəkildədir".
Kamran Əsədov deyir ki, əgər vəziyyət dəyişməsə, yüksək bal toplayan tələbələr ölkə xaricinə getməyə davam edəcək, nəticədə həm beyin axını güclənəcək, həm də böyük həcmdə valyuta itkisi yaşanacaq:
"Bütün yüksək bal toplayanlar üçün dövlət zəmanətli təqaüd və güzəştlərlə yanaşı, universitetlərin öz daxili imkanlarını gücləndirməsi lazımdır. Yəni, təhsil haqqı güzəştləri, müasir laboratoriyalar, beynəlxalq akkreditasiya, sənaye ilə inteqrasiya olunmuş ko-op proqramları və karyera təminatı kimi mexanizmlər tətbiq edilməlidir. Əlavə olaraq, dövlətin "gəlirə bağlı kredit” mexanizmini tətbiq etməsi və yüksək bal toplayan tələbələrə 0 faizli uzunmüddətli dəstək göstərməsi zəruridir".
"Əgər yaxın illərdə bu istiqamətdə real mexanizmlər formalaşdırılmazsa, Azərbaycanın ən parlaq beyinləri təhsilini və karyerasını başqa ölkələrdə qurmağa davam edəcək", deyə ekspert əlavə edib.
Nəzrin Abbas
Şərhlər