Yapon qəlyanaltı istehsalçısı "Calbee" Yaxın Şərqdə artan gərginlik fonunda xammal çatışmazlığı yaşadığı üçün kartof çipsləri də daxil olmaqla bəzi populyar məhsullarının qablaşdırmasını ağ-qara formatda hazırlayacağını bəyan edib. Şirkət bildirib ki, qərar mayın 25-dən etibarən göndəriləcək 14 məhsula şamil olunacaq.
Qaynarinfo-nun"Nikkei Asia”ya istinadən məlumatına görə, ABŞ-İsrail və İran arasında başlayan müharibədən sonra neft qiymətlərindəki artım neft-kimya sektoruna birbaşa təsir göstərib.
Mürəkkəb istehsalında istifadə olunan həlledici və qatranın əsas xammalı sayılan nafta təchizatında yaranan problemlər qablaşdırma sektorunda böhrana səbəb olub.
"Calbee" xammalın stabil şəkildə təmin edilə bilməməsinin səbəbini "Yaxın Şərqdəki gərginlik”lə əlaqələndirib.
Rəngli qablaşdırmalar tarixə çevrilə bilər
Şirkət dəyişiklikləri yalnız yüksək satış həcminə malik məhsullarla məhdudlaşdıraraq təsirin böyüməsinin qarşısını almağa çalışır. Lakin sektor nümayəndələri oxşar tədbirlərin digər şirkətlər arasında da yayıla biləcəyini bildirirlər.
Qida istehsalçısı "Itoham Yonekyu Holdings"in prezidenti Hiroyuki Urata isə deyib ki, gələcəkdə rəngli qablaşdırmaların davamlılığını qorumaq çətin olacaq. Onun sözlərinə görə, gələcəkdə qablaşdırmalar daha sadə və ağ-qara dizayna keçə bilər.
Təkcə "Calbee" deyil, digər istehsalçılar da qablaşdırma xərclərini azaltmaq üçün tədbirlər görməyə başlayıb. Bildirilir ki, orta ölçülü bir içki istehsalçısı iri markalar üçün istehsal etdiyi 15 probiotik içki məhsulunun qablaşdırma çaplarının bir hissəsini ləğv etmək qərarı verib.
Günay
Şərhlər