Xəbər lenti

Britaniyada siyasi xaos: Baş nazirin partiyasından olan deputatlar onun istefasını tələb edir
Dünya 14:27 12.05.2026

Britaniyada siyasi xaos: Baş nazirin partiyasından olan deputatlar onun istefasını tələb edir

Böyük Birtaniya hökumətində siyasi gərginlik artır. Ötən həftə keçirilən seçkilərdə alınan ağır məğlubiyyətdən sonra İşçi Partiyası daxilində baş nazir Kir Starmerə qarşı istefa çağırışları güclənib. Partiya daxilindən 70-dən çox millət vəkili və bəzi kabinet üzvləri "istefa cədvəli”nin müəyyən edilməsini tələb edir.

Qaynarinfo xəbər verir ki, "The Guardian"ın məlumatına görə, xarici işlər naziri Yvette Kuper və daxili işlər naziri Şabana Mahmud baş nazirə nizamlı keçid üçün konkret plan və tarix müəyyən etməsi barədə çağırış edib.

Eyni zamanda, baş nazirin müavini David Lammi və müdafiə naziri Con Hilinin də Starmer ilə gələcək proses barədə müzakirələr apardığı bildirilir. Digər tərəfdən, bəzi nazirlər – o cümlədən İngiltərə və Uelsin Baş prokuroru Riçard Hermer və Mənzil, İcmalar və Yerli Özünüidarəetmə üzrə Dövlət Katibi Stiv Rid - Baş nazirə dəstək verərək vəzifədə qalmasını istəyir.

Bir kabinet üzvü vəziyyəti belə şərh edib: "Starmer nəhayət nazirləri dinləyib. Partiya daxilində ölkənin maraqları ilə bağlı ciddi fikir ayrılıqları var. Kabinet iclasından əvvəl qərar verməlidir",

Partiya daxilində istefa çağırışlarının artması ilə yanaşı, bəzi millət vəkilləri bu prosesin sağçı siyasətçi Naysel Faracın rəhbərlik etdiyi "Reform UK” partiyasını gücləndirəcəyindən narahatdır.

Partiya daxilində mümkün lider əvəzlənməsi üçün Mançester meri Endi Börnhamın adı da müzakirə olunur.

Artan təzyiqlərə baxmayaraq, Kir Starmer parlamentdə etdiyi çıxışda istefaya qarşı olduğunu bildirib. O, tez-tez baş verən lider dəyişikliklərinin ölkədə "siyasi xaos” yaratdığını vurğulayaraq vəzifədə qalacağını bəyan edib.

Aydın
--> -->