ABŞ rəsmilərinin Qrenlandiya ərazisində yeni hərbi bazaların yaradılması ilə bağlı Danimarka hakimiyyəti ilə müntəzəm danışıqlar apardığı bildirilir.
Qaynarinfo bu barədə BBC-yə istinadən məlumat verir.
Məlumata görə, Vaşinqton Cənubi Qrenlandiya ərazisində üç yeni hərbi baza açmaq niyyətindədir. ABŞ administrasiyası bununla həm regiondakı strateji mövqeyini gücləndirməyə, həm də ABŞ prezidenti Donald Trampın açıqlamalarından sonra yaranmış diplomatik gərginliyi yumşaltmağa çalışır.
Ağ Ev ABŞ, Qrenlandiya və Danimarka arasında yüksək səviyyəli danışıqların aparıldığını təsdiqləsə də, prosesin detalları barədə açıqlama verməyib. Ağ Evin nümayəndəsi administrasiyanın danışıqların müsbət istiqamətdə irəlilədiyinə nikbin yanaşdığını bildirib.
Danimarka Xarici İşlər Nazirliyi də ABŞ ilə danışıqların davam etdiyini təsdiqləyib. Nazirliyin sözçüsü qeyd edib ki, ABŞ ilə diplomatik proses davam edir, lakin detalları açıqlamaqdan imtina edib.
Mənbələrin sözlərinə görə, ABŞ tərəfi yeni bazaların rəsmi şəkildə Amerika suveren ərazisi kimi tanınmasını nəzərdə tutan təklif irəli sürüb. Bazaların əsas məqsədinin Rusiya və Çinin dəniz fəaliyyətini izləmək olduğu bildirilir. Yeni obyektlərin əsasən Qrenlandiya, Cənubi Qrenlandiya, İslandiya və Böyük Britaniya arasındakı strateji zonada yerləşəcəyi qeyd olunur.
İddialara görə, mümkün bazalardan biri Narsarsuaq bölgəsində, vaxtilə ABŞ-a məxsus olmuş hərbi bazanın yerində yaradıla bilər. Bununla yanaşı, tərəflərin hələ yekun razılığa gəlmədiyi və bazaların sayının dəyişə biləcəyi vurğulanır.
Mənbələr bildiriblər ki, danışıqlarda Qrenlandiyanın ABŞ tərəfindən nəzarətə götürülməsi məsələsi müzakirə olunmayıb. Prosesə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Michael Needham rəhbərlik edir. Onun əsas vəzifəsinin həm Donald Trampı qane edəcək, həm də Danimarkanın ərazi bütövlüyü ilə bağlı "qırmızı xətlərinə” uyğun razılaşma hazırlamaq olduğu bildirilir.
Xatırladaq ki, ötən ay ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi Ceff Landrinin yaxın vaxtlarda adaya səfər etməyi planlaşdırdığı açıqlanmışdı. O, daha əvvəl Danimarkanın İkinci Dünya müharibəsindən sonra Qrenlandiyanı "işğal etdiyini” iddia etmişdi.
Danimarka hökuməti isə həmin açıqlamalardan sonra ABŞ-ı ölkənin ərazi bütövlüyünə hörmət etməyə çağırmışdı.
Günay
Şərhlər