Xəbər lenti

ABŞ-İran qarşıdurması yeni mərhələyə keçir: Hörmüzdə savaş riski artır (ŞƏRH)
Dünya 12:52 12.05.2026

ABŞ-İran qarşıdurması yeni mərhələyə keçir: Hörmüzdə savaş riski artır (ŞƏRH)

ABŞ prezidenti Donald Trumpın İranla bağlı son açıqlamaları Vaşinqton-Tehran münasibətlərində gərginliyin yenidən pik həddə çatdığını göstərir. Xüsusilə Hörmüz boğazı ilə bağlı səsləndirilən fikirlər regionda yeni hərbi əməliyyat ehtimalını gündəmə gətirib. Trampın "ya hərbi əməliyyatlar bərpa edilə bilər, ya da daha ciddi tədbirlər görülər” mesajı diplomatik ritorikadan daha çox təzyiq və güc nümayişi kimi qiymətləndirilir. 

Məlum olduğu kimi, Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin ən həssas nöqtələrindən biridir. Dünyada daşınan neftin mühüm hissəsi məhz bu strateji su yolu  vasitəsilə bazarlara çıxarılır. İran uzun illərdir ki, Qərbin təzyiqlərinə qarşı əsas geosiyasi alətlərindən biri kimi Hörmüz kartından istifadə  edir. Trampın "Tehranın əlindəki yeganə silah budur” açıqlaması da Vaşinqtonun İranın strateji imkanlarını məhdud hesab etdiyini göstərir. 

ABŞ prezidentinin açıqlamasında diqqət çəkən əsas məqamlardan biri  də Vaşinqtonun bəzi ölkələrin xahişi ilə indiyə qədər boğazda sərt addım atmaması barədə dedikləridir. Bu, ilk növbədə Avropa və Körfəz ölkələrinin narahatlıqları ilə bağlı ola bilər. Çünki Hörmüzdə hərbi eskalasiya təkcə İranı deyil, dünya iqtisadiyyatını da sarsıda bilər. Neft qiymətlərinin kəskin bahalaşması, enerji bazarlarında qeyri-sabitlik və qlobal inflyasiya riskləri belə bir qarşıdurmanın qaçılmaz nəticələri sayılır. 

Trampın İranın təkliflərini "axmaq təklif” adlandırması isə  diplomatik kanalların faktiki olaraq dalana dirəndiyini göstərir. Bu cür sərt ritorika adətən danışıqlar masasından çox, qarşı tərəfi maksimum təzyiq altında saxlamaq strategiyasının tərkib hissəsi olur. ABŞ administrasiyası görünür ki, Tehrandan daha böyük güzəştlər tələb edir və İranın hazırkı mövqeyini kifayət hesab etmir. 

Burada mühüm məqamlardan biri də Vaşinqtonun "daha ciddi tədbirlər” ifadəsi ilə nəyi  nəzərdə tutmasıdır. Bu, yeni iqtisadi sanksiyalar, İranın regional təsir imkanlarına qarşı əməliyyatlar və ya birbaşa hərbi müdaxilə ehtimalını ehtiva edə bilər. Xüsusilə İranın nüvə proqramı və regiondakı proksi qüvvələri ABŞ üçün əsas təhlükə faktorları olaraq qalır. 

Digər tərəfdən, Tehran da geri addım atmağa meylli görünmür. İran rəhbərliyi ABŞ  təzyiqlərinə boyun əyməyəcəyini dəfələrlə bəyan edib. Bu isə tərəflər arasında kompromis imkanlarını daha da zəiflədir. Belə vəziyyətdə kiçik bir insidentin belə genişmiqyaslı qarşıdurmaya çevrilməsi riski artır. Bütün bunlar göstərir ki, Yaxın Şərq yenidən təhlükəli mərhələyə daxil olur. Əgər diplomatik kanallar tam bağlanarsa, Hörmüz boğazı ətrafında yeni hərbi gərginlik qaçılmaz ola bilər. Bu isə təkcə ABŞ və İran üçün deyil, bütün dünya üçün ciddi siyasi və iqtisadi nəticələr vəd edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp "CBS News"a verdiyi müsahibədə ABŞ tezliklə ya Hörmüz boğazında hərbi əməliyyatları bərpa edə, ya da İrana qarşı "daha ciddi tədbirlər" görə biləcəyini bəyan edib. Onun sözlərinə görə, Hörmüz boğazına nəzarət Tehranın əlindəki "yeganə silah"dır:

"Biz boğazı açardıq. Mən sadəcə olaraq bunu etməməyimi xahiş edən bəzi ölkələrə yaxşılıq etdim. Biz onu açardıq. Amma biz asanlıqla buna  qayıda bilərdik".

Vaşinqtonun Tehranın hərbi əməliyyatlara son qoymaq üçün yeni təkliflərinə verdiyi cavabdan narazı olduğu üçün indi bu şəkildə hərəkət  etmək niyyətində olub-olmadığı soruşulduqda, prezident "bilmirəm. Ya  o, ya da daha ciddi bir şey" cavabını verib.

Eyni zamanda, Vaşinqton administrasiyasının rəhbəri bir daha İranın cavabını tənqid edib:

"Bu, sadəcə pis bir təklif idi, axmaq bir təklif idi, əslində hansı təhlükədə olduqlarını bilməyən insanlar tərəfindən irəli sürülmüşdü”.

Siyasət şöbəsi

--> -->