Xəbər lenti

Prezident və birinci xanım Cəbrayıla səfər etdi (YENİLƏMİB)
Foto 17:40 09.05.2026

Prezident və birinci xanım Cəbrayıla səfər etdi (YENİLƏMİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.

Daha sonra dövlətimizin başçısı Cəbrayıl rayonunun Soltanlı kəndində "AzərEnerji” ASC-nin 330 kV-luq "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şükürbəyli kəndində görülmüş işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdilər.

Bildirildi ki, Şükürbəyli Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 18 kilometr cənub-şərqdə, düzənlik ərazidə yerləşir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl kənddə məktəb, klub, kitabxana və xəstəxana fəaliyyət göstərib, əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoyub.

Sonra elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Diqqətə çatdırıldı ki, işğaldan azad edilmiş digər ərazilərimizdə istifadəyə verilən yeni məktəblərdə olduğu kimi, bu təhsil müəssisəsində də müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb.

Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur.
 
***
 
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma kənddə görülmüş işlər barədə məlumat verildi.

Bildirildi ki, Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır.

Kənddə sakinlərin rahat yaşaması və sosial məsələlərin həlli üçün bir sıra işlər görülüb. Burada hər biri 80 yerlik olmaqla 2 körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilib.

Şükürbəyli kəndində 35/10 kV-luq elektrik yarımstansiyası inşa edilib, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, həmçinin internet və "İP TV” şəbəkələri yaradılıb, yollar asfaltlanıb.
 
***
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-İlk növbədə, sizi doğma vətənə qayıtmağınız münasibətilə təbrik edirəm. Şükürbəyli kəndi tamamilə yenidən qurulub. Bildiyiniz kimi, işğal dövründə Ermənistan dövləti bu kəndi tamamilə dağıtmışdı, bir dənə də salamat bina qalmamışdı. Mənim keçmiş köçkünlərlə işğal dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhərləri, kəndləri quracağıq, onları daha gözəl vəziyyətə gətirəcəyik və bu gün Şükürbəyli kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, yaşamaq, çalışmaq, təhsil almaq üçün bütün şərait - məktəb, musiqi məktəbi, iki uşaq bağçası, tibb məntəqəsi, əlbəttə, gözəl, yaraşıqlı evlər var ki, burada siz - Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız.

Uzun illər ərzində bu torpaqlar işğal altında olub. Ermənistan dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək istəmişdir, ancaq buna nail olmamışdır. Baxmayaraq ki, şəhər və kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməmişdir. Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamısınız. Bəziləriniz Biləsuvar rayonunda dövlət xətti ilə verilmiş evlərdə məskunlaşmısınız, bəziləriniz özünüz üçün hansısa şərait qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir.

Bu gün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi günüdür. Biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq. İşğal dövründə Ermənistan dövləti Cəbrayıl rayonunda bir daşı daş üstə qoymamışdı. Düzdür, yol çəkmək istəyirdi, amma buna vaxtı çatmadı. Amma bir daşı daş üstə qoymamışdır. Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir, nə şəhərdə, nə də ki, kəndlərdə bir dənə də salamat bina qalmamışdı, Ağdam kimi. Zəngilanda tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdır. Evlər söküldü, daşlar talan edildi, müxtəlif yerlərdə bazarlarda satıldı. Biz isə qurub-yaradırıq. İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.

Əlbəttə ki, yaşayışla əlaqədar, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir. Burada da vətəndaşların məşğulluğunu təmin etmək üçün bütün müvafiq göstərişlər verildi - həm mövcud olan dövlət sektorunda iş yerləri təbii ki, təqdim olunur, ondan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün, xüsusilə heyvandarlıq və bitkiçiliklə. Bunlardan başqa, Cəbrayıl rayonunda sənaye zonası – "Araz Vadisi” Sənaye Zonası fəaliyyət göstərir, orada da böyük sahəni biz nəzərdə tutmuşuq, 200 hektar sahə ayrılıb. Bu sənaye zonasında indi 20 rezident var, artıq istehsala da başlamışlar. O, daha da böyüyəcək, o da buradan çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad edilmiş ərazilərdə biz cəmi iki sənaye zonası nəzərdə tutmuşuq - biri Ağdamda, biri də Cəbrayılda.

Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm, siz onu görmüsünüz, yoxsa yox, - Zəngəzur dəhlizinin bir hissəsi olan, ta Ermənistan sərhədinə gedən dördzolaqlı yol. Yəni bunun ondan yuxarı standartları da yoxdur. Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq.

Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir - üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Yəni azad edilmiş bütün bu ərazilər ölkəmizin bütün başqa əraziləri ilə bağlanır - yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə. İndi "Xudafərin”, "Qız Qalası” su anbarlarının suyundan da istifadə edəcəyik, orada elektrikdən də istifadə edəcəyik. Beləliklə, bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.

Sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.

x x x

Sakinlər: Çox sağ olun, cənab Prezident.

Kişi sakin: Möhtərəm Prezident, bu kənddə boya-başa çatan bir adam, burada çalışan bir müəllim kimi bu gün Sizinlə bu görüşümüz bizim üçün tarixi bir hadisədir. Sizin uğurlu siyasətinizin, qəhrəman oğullarımızın şücaəti nəticəsində bu doğma torpaqlarımız bizə qayıtdı. Mən 40 yaşımda buradan çıxmışam, indi 73 yaşım var. Mən Sizinlə fəxr edirəm. Sizin bütün çıxışlarınızı, xarici jurnalistlərə verdiyiniz cavabları - hamısını diqqətlə izləyirik və Sizinlə fəxr edirik. Biz də çalışacağıq ki, Sizin adınızı həmişə ucaldaq.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Kişi sakin: Mübarizə aparırsınız. Burada da, xaricdə də, başqa ölkələrdə də, istəyənlərin arasında da, istəməyənlərin arasında da mübarizə aparırsınız, dəmir iradənizi nümayiş etdirirsiniz. Sülhün, əmin-amanlığın tərəfində dayanıb bütün xalqlara onu aşılayırsınız. Mübarizə bu gün də var, sabah da. Siz də onun ən ön sıralarında.

Prezident İlham Əliyev: Sizin kimi insanlar, Azərbaycan xalqı mənim arxamda, dövlətin arxasında durduqca bizim də təbii ki, gücümüz artır. Sağ olun, təşəkkür edirəm sizə. Təbrik edirəm.

Sakinlər: Sağ olun.

Qadın sakin: Möhtərəm Prezident, əziz Mehriban xanım. Mən də bir neçə kəlmə demək istəyirəm. Bu gün bizə bu tarixi günü yaşatdığınız üçün, bizi öz torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə ürəkdən cansağlığı, uzun ömür arzulayıram. Mən müəlliməm. Bir məsələni yada salmaq istəyirəm. Bu gün bizim görüşümüz elə bir tarixi günə təsadüf edir ki, Ulu Öndərimizin doğum günü ərəfəsindəyik, onu biz bütün respublika səviyyəsində qeyd edirik. Mən də Ulu Öndərimizi ürəkdən şəxsən çox sevən, hörmət edən bir müəlliməm, tələbə vaxtımdan da sevmişəm. Onun çıxışlarını dinləyəndə həmişə deyirdi ki, biz Qarabağa qayıdacağıq, o gün gələcək. Möhtərəm Prezident, onun qoyduğu o böyük siyasəti Siz elə bir uğurla davam etdirdiniz ki, bu gün Qarabağ artıq bizimdir. Qarabağın bütün bölgələrində artıq quruculuq işləri başlayıb, bütün həyat canlanır, insanlar öz doğma yurdlarına qovuşublar. Buna görə Sizə minnətdarıq, təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Həmin qadın sakin: Mehriban xanım, Siz həmişə köçkünləri, uşaqları, insanları, qadınları dinləmisiniz, yanlarında olmusunuz. Allah Sizə də uzun ömür, cansağlığı versin. Siz bizim Prezidentimizin ən yaxın köməkçisi və silahdaşı, arxasısınız. Sizə də uzun ömür, cansağlığı arzulayıram.

Mehriban Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm, təbrik edirəm.

Qadın sakin: Allah sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı, uzun ömür arzulayıram. Doğma torpaqda rahat yaşayacaqsınız, inşallah.

Sakinlər: İnşallah.

Qadın sakin: Çalışacağıq ümidinizi doğruldaq həmişə.

Prezident İlham Əliyev: Əminəm ki, belə də olacaq.

x x x

Sonra açarların təqdim edilməsi mərasimi oldu.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.

Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verdi.

Qeyd edək ki, bu xəstəxana binasının təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Ərazisi 5 hektara yaxındır. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan başqa, poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpusları, təcili tibbi yardım stansiyası, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər binaların inşası davam etdirilir.
 
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində "AzərEnerji” ASC-nin 330 kV-luq "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.

"AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı Günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq "Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilib.

Bu çərçivədə "AzərEnerji” tərəfindən Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün "Cəbrayıl” Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşıl enerjinin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür.

Yarımstansiya müasir rəqəmsal sistemlər, açıq və qapalı, həmçinin idarəetmə qurğuları, Rəqəmsal İdarəetmə Mərkəzi ilə təchiz edilib. Mərkəzdə məsafədən idarəetməni təmin edən mikro-SCADA dispetçer sistemi qurulub, mərkəzi SCADA sisteminə inteqrasiya olunub.

Yarımstansiyada çalışan işçi heyət əsasən yeni məskunlaşmış yerli əhali arasından seçilib və onlar müvafiq təlimlərdən sonra işə cəlb ediliblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin "Böyük Qayıdış” strategiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə "AzərEnerji” tərəfindən tikilən bütün enerji obyektlərində yerli kadrların işlə təmin olunmasına xüsusi önəm verilir.

"Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün həyata keçirilən layihənin əsas məqsədi dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii qaza qənaət etmək, yaşıl enerjinin payını artırmaq və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdir.

Bu irihəcmli yaşıl enerjinin ötürülməsi layihəsi paralel şəkildə davam etdirilib. Belə ki, Səngəçal Terminalının yaşıl enerji ilə təchizatı məqsədilə yeni 220 kilovoltluq yarımstansiya tikilib və işlər artıq yekunlaşıb. Bu yenilik nəticəsində terminalda qazla işləyən elektrik stansiyası dayandırılacaq və Cəbrayılda Günəşdən əldə olunan enerji ümumi enerjisistemə, oradan isə balanslaşdırılmış şəkildə həm də Səngəçal terminalına yönləndiriləcək. Səngəçal terminalında təbii qazla işləyən 140 MVt gücündə modul tipli elektrik stansiyasının fəaliyyəti dayandırılmaqla, terminalın illik tələbatının 500 milyon kVts-nın bərpaolunan enerji hesabına qarşılanması ilə illik 120-150 milyon kubmetrdən artıq təbii qaza qənaət ediləcək. Bu da bp şirkətinin Xəzər regionunda əməliyyat tullantılarının CO2 emissiyasının illik 260-330 min ton azaldılmasına töhfə verəcək.

Dövlətimizin başçısına son dövrlərdə yaşıl enerji ilə ənənəvi enerjinin paralel inkişafı barədə də məlumat verildi.

Bildirildi ki, enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi konkret nəticələr verməyə başlayıb. Bu dinamika xüsusilə bolsulu, günəşli və küləkli günlərin səmərəli olduğu aprel və may aylarında daha aydın hiss edilib. Belə ki, müxtəlif günlərin müəyyən saatlarında ölkə üzrə elektrik enerjisi istehlakının 36-41 faizi məhz yaşıl enerji hesabına təmin olunub.

Məsələn, aprelin 20-də ümumilikdə 64,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun da 36,5 faizi bərpaolunan mənbələrin payına düşüb. Həmin enerjinin 15,9 milyon kilovat-saatı isə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, su elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı isə Günəş və külək stansiyalarında istehsal olunub. İcra edilmiş tədbirlər hesabına enerjisistemdə bəzi saatlarda yaşıl enerjinin payı 41 faizə çatır.
--> -->