Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi yenidən gündəmə gəlsə də, Ankaradan verilən son açıqlamalar göstərir ki, bu məsələ hələ də birbaşa Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyindən asılı olaraq qalır. Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç bildirib ki, Ankara sərhədlərin açılması ilə bağlı siyasi iradə nümayiş etdirsə də, konkret tarix barədə danışmaq hələ tezdir.
Onun sözlərinə görə, proses texniki, kommunikasiya və siyasi mərhələlərin tamamlanmasını tələb edir. Bu açıqlama bir daha göstərir ki, Ankara məsələyə təkcə diplomatik deyil, həm də regional təhlükəsizlik prizmasından yanaşır.
Əslində Türkiyənin mövqeyi uzun illərdir dəyişməz qalır. 1993-cü ildə Kəlbəcərin işğal edilməsindən sonra Türkiyə Ermənistanla sərhədi bağladı. Bu qərar Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa verdiyi dəstəyin praktiki ifadəsi idi. Həmin vaxtdan etibarən Türkiyə dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda davamlı normallaşma yalnız Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsindən sonra mümkündür.
44 günlük Vətən müharibəsindən sonra regionda yeni geosiyasi reallıq formalaşıb. Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib. Bundan sonra Bakı regionda kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və nəqliyyat marşrutlarının bərpası ilə bağlı təşəbbüslərlə çıxış edib. Xüsusilə Zəngəzur dəhlizi layihəsi regionun iqtisadi xəritəsini dəyişə biləcək mühüm geosiyasi layihələrdən biri hesab olunur. Bu marşrutun açılması Türkiyə ilə Azərbaycanın birbaşa quru bağlantısını təmin etməklə yanaşı, Orta Dəhlizin imkanlarını da genişləndirə bilər.
Ekspertlərin hesablamalarına görə, Türkiyə-Ermənistan sərhədinin açılması Ermənistan iqtisadiyyatına da ciddi təsir göstərə bilər. Ermənistan illərdir regional layihələrdən kənarda qaldığı üçün tranzit və logistika imkanlarını itirib. Açıq sərhədlər və regional kommunikasiyalar isə İrəvana yeni bazarlara çıxış, tranzit gəlirləri və investisiya imkanları vəd edir. Türkiyə ilə sərhədin açılması Ermənistanın xarici ticarət dövriyyəsini artırmaqla yanaşı, daşınma xərclərini də azalda bilər.
Lakin Bakı hesab edir ki, iqtisadi əməkdaşlıq üçün ilk növbədə siyasi etimad formalaşmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan revanşist siyasətdən imtina etməli və regionda yaranmış yeni reallıqları qəbul etməlidir.
Rəsmi Bakının əsas tələblərindən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsidir. Azərbaycan hesab edir ki, Ermənistanın müstəqillik aktına və Konstitusiyasına edilən bəzi istinadlar dolayısı ilə Qarabağa iddianın saxlanılması anlamına gəlir. Bu isə uzunmüddətli sülh sazişinin imzalanmasını çətinləşdirən əsas amillərdən biri sayılır.
Türkiyə də bu məsələdə Azərbaycanla koordinasiyalı siyasət yürüdür. Ankara açıq şəkildə bildirir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması "bir millət, iki dövlət” prinsipi çərçivəsində həyata keçirilir. Bu yanaşma Ankara ilə Bakı arasında strateji müttəfiqliyin və regional məsələlərdə ortaq mövqenin göstəricisi hesab olunur.
Ermənistan isə hər dəfə bu mövzu gündəmə gələndə sərhədlərin tezliklə açılacağına dair optimist mesajlar verir. Lakin reallıq göstərir ki, siyasi problemlər həll olunmadan iqtisadi inteqrasiyanın tam şəkildə baş tutması çətin görünür. İrəvan üçün əsas seçim revanşist ritorika ilə regional əməkdaşlıq arasında qərar verməkdir.
Analitiklər hesab edirlər ki, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi təkcə diplomatik və texniki məsələ deyil. Bu, bütövlükdə Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşması ilə bağlı strateji prosesdir.
Bakı və Ankara hesab edir ki, regionda davamlı sabitlik yalnız beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və qarşılıqlı etimada əsaslanan münasibətlər sistemi ilə mümkün ola bilər.
Qeyd edək ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç bir neçə gün öncə bildirib ki, Türkiyə Ermənistanla sərhədinin açılması ilə bağlı siyasi iradəsini ifadə edib, lakin konkret tarix demək mümkün deyil. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı konkret müzakirələr aparılmır:
"Sərhədin açılması yalnız texniki və bürokratik mərhələlər tamamlandıqdan, həmçinin kommunikasiya və digər məsələlər həll olunduqdan sonra mümkün ola bilər".
Siyasət Şöbəsi
Şərhlər