NATO müttəfiqləri ABŞ-ın Avropadakı hərbi qüvvələrinin sayını azaltmağa hazırlaşır. Donald Tramp administrasiyası qitədəki genişmiqyaslı Amerika hərbi mövcudluğunu ixtisar etmək istiqamətində ciddi addımlar atır.
Qaynarinfo "The Washington Post”a istinadən xəbər verir ki, ABŞ qoşunlarının Avropadakı gələcəyi ilə bağlı planlar Trampın bir-birinə zidd görünən bəyanatları səbəbindən qarışıqlıq yaradıb və bu məsələ İsveçdə keçirilən NATO xarici işlər nazirlərinin görüşünün əsas mövzusuna çevrilib. ABŞ dövlət katibi Marko Rubio da həmin görüşdə iştirak edib.
NATO görüşü ərəfəsində Tramp bildirib ki, ABŞ Polşaya "əlavə 5 min hərbçi” göndərəcək. Bu, administrasiyanın daha əvvəl Almaniyadan çıxarmağı planlaşdırdığı qüvvələrin sayına bərabərdir. Tramp Avropa liderlərinin İranla müharibədə daha açıq şəkildə ABŞ-a qoşulmaq istəməməsindən narazılığını dəfələrlə ifadə edib.
Rubio jurnalistlərə açıqlamasında deyib ki, Avropadakı hərbi mövcudluğun yenidən qiymətləndirilməsi İran ətrafındakı gərginlikdən əvvəl başlayıb və ABŞ qlobal mövqeyini analiz etdikcə davam edəcək.
"Bu iş artıq aparılırdı və müttəfiqlərlə koordinasiya şəklində həyata keçirilirdi. Mən demirəm ki, onlar bundan məmnun qalacaqlar, amma prosesdən xəbərdardırlar. Düşünürəm ki, nəticədə Avropada Amerika qoşunlarının sayı azalacaq”, deyə Rubio bildirib.
O əlavə edib ki, Trampın İran məsələsində Avropa liderlərinə qarşı "məyusluğu” aradan qaldırılmalıdır.
Avropanın ABŞ addımlarına münasibəti
NATO-nun baş katibi Mark Rutte Trampın Polşa ilə bağlı bəyanatını alqışlayıb və bildirib ki, bu addım ABŞ-ın Avropadakı hərbi iştirakını azaltmaq planlarını dəyişmir.
"Açıq danışaq: zamanla, addım-addım, biz yalnız bir müttəfiqdən – ABŞ-dan daha az asılı olacağıq”, deyə Rutte vurğulayıb. Onun sözlərinə görə, Avropa ölkələri öz müdafiə imkanlarını daha fəal şəkildə gücləndirəcəklər.
Avropalı rəsmilər ABŞ-ın addımlarının əhəmiyyətini azaltmağa çalışırlar. Onlar bildirirlər ki, Vaşinqtonun hərbi iştirakının tədricən azalacağını gözləyirlər və bir neçə min hərbçinin çıxarılması həlledici təsir göstərməyəcək.
Bununla belə, Avropa ölkələri aylardır Vaşinqtonu inandırmağa çalışırlar ki, qoşunların çıxarılması koordinasiyalı şəkildə həyata keçirilməlidir. Məqsəd NATO müttəfiqlərinə boşluqları doldurmaq və qitənin müdafiəsiz qalmamasını təmin etmək üçün vaxt verməkdir.
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard ABŞ-ın müxtəlif açıqlamalarını "həqiqətən qarışıq” adlandırıb: "Bu bəyanatlarda istiqamət tapmaq həmişə asan deyil. Amma biz başqalarının nə dediyinə yox, özümüzün nə etdiyimizə diqqət yetirməliyik. Buna görə də müdafiəmizə sərmayə yatırmağa davam etməliyik”.
NATO-da yeni dəyişikliklər hazırlanır
NATO müttəfiqləri eyni zamanda NATO Qüvvə Modelində dəyişikliklərə də hazırlaşırlar. Bu sistem 32 üzv ölkənin hücum və ya böyük böhran zamanı hansı qüvvələri ayıra biləcəyini müəyyən edir.
Adının açıqlanmasını istəməyən iki avropalı diplomat bildirib ki, ABŞ yaxın zamanda Avropanın müharibə dövründə istifadə edə biləcəyi qüvvə və vasitələrə töhfəsini azaltmaq qərarı verə bilər.
Rubio belə qərarın yaxın günlərdə qəbul oluna biləcəyinə işarə edib. Rutte isə ABŞ-ın töhfəsi ilə bağlı danışıqların davam etdiyini vurğulayıb.
"Biz buna hazırlaşırdıq. ABŞ eyni anda hər yerdə ola bilməz”, deyə NATO baş katibi əlavə edib.
Qoşunların ixtisarının miqyası və vaxtı hələ dəqiq məlum deyil. Həmçinin hansı qüvvələrin azaldılacağı açıqlanmır. Analitiklər bildirirlər ki, ciddi ixtisarlar Avropanın təhlükəsizlik sisteminin əsasını təşkil edən ABŞ təminatları ilə bağlı narahatlıqları daha da artıracaq. Bu xüsusilə Rusiyanın hərbi fəallığının artdığı bir dövrdə ciddi risk hesab olunur.
Avropalı rəsmilərdən biri qeyd edib ki, ABŞ qərarı çox güman, yalnız Pentaqonun təqdim edə bildiyi imkanların tam geri çəkilməsinə səbəb olmayacaq. Avropa artıq canlı qüvvə və tank kimi bəzi sahələrdə boşluqları özü doldurmağa başlayıb. Bununla belə, ABŞ artıq Avropada uzaqmənzilli artilleriya batalyonunun yerləşdirilməsi planlarını ləğv edib. Halbuki uzaqmənzilli zərbə sistemləri və havada yanacaq doldurma imkanları Avropa orduları üçün əsas çatışmazlıqlar hesab olunur.
ABŞ Avropadan daha çox məsuliyyət gözləyir
Qeyri-müəyyənlik, Trampın NATO-nu tənqid etməsi və Rusiyaya münasibətdə dəyişkən xarici siyasəti alyans daxilində yeni fikir ayrılığı yaradıb.
Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Pentaqon açıq şəkildə bildirib ki, ABŞ resurslarını başqa regionlara yönəltmək niyyətindədir və Avropa ölkələri öz konvensional müdafiələrinə görə daha çox məsuliyyət daşımalıdır.
ABŞ rəsmiləri isə əmin ediblər ki, Vaşinqtonun nüvə arsenalı NATO müttəfiqlərinin təhlükəsizliyini təmin etməyə davam edəcək.
Nazirlər həmçinin Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər. Bu boğaz dünya neft tədarükü üçün həyati əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir və ABŞ-ın İranla müharibəyə başlamasından sonra bloklanmış vəziyyətdədir.
Tramp Avropa paytaxtlarının boğazın hərbi güclə açılması çağırışlarını rədd etməsindən qəzəbləndiyini bildirib.
Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi koalisiya boğazın təhlükəsizliyini təmin etmək və minalardan təmizlənməsi ilə bağlı plan hazırlayıb. Lakin bu addımlar yalnız sabit atəşkəs rejimi yaradılacağı halda həyata keçirilə bilər.
Rubio bildirib ki, Avropa həmkarlarına danışıqlar dalana dirənərsə və İran boğazı açmaqdan imtina edərsə, ölkələrin "B planı”na ehtiyac duyacağını deyib.
"Bu məsələ ilə kimsə məşğul olmalıdır”, deyə ABŞ dövlət katibi vurğulayıb.
Aydın
Şərhlər