Latviyanın müdafiə naziri Andris Spruds son həftələr ərzində ehtimal olunan Ukrayna dronlarının ölkə ərazisinə daxil olması ilə bağlı bir sıra insidentlərdən sonra istefa verib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "X” sosial şəbəkəsində açıqlama yayıb.
Spruds bildirib ki, onun şəxsən özünə və təmsil etdiyi siyasi qüvvəyə qarşı yönələn siyasi tənqid kampaniyası artıq Latviya ordusuna qarşı kampaniyaya çevrilib.
"Son günlər və həftələr ərzində Latviyada və digər ölkələrdə dron insidentləri yaşadıq. Xarici dronlar insanlarımızın təhlükəsizliyini təhdid etməməlidir. Təəssüf ki, görünür, bu vəziyyət artıq yalnız nazirin və ya onun partiyasının tənqidi üçün istifadə olunmur. Bundan Latviyanın müdafiə imkanlarını şübhə altına almaq üçün istifadə edilir”, deyə siyasətçi qeyd edib.
Bununla belə, ölkənin baş naziri Evika Silina "X” platformasında yazıb ki, müdafiə nazirinin istefası onun hava hücumundan müdafiə sistemlərinin dron təhlükələrinə hazırlığını təmin edə bilməməsi ilə bağlıdır. Bu səbəbdən o, həm cəmiyyətin, həm də hökumət rəhbərinin etimadını itirib.
"Bu həftə baş verən dron insidenti açıq şəkildə göstərdi ki, müdafiə sahəsinin siyasi rəhbərliyi ölkəmizin üzərində təhlükəsiz səma vədini yerinə yetirə bilməyib. Hesab edirəm ki, sahəyə yeni və peşəkar yanaşma lazımdır”, deyə Silina yazıb.
Latviyada dron insidentləri
Bundan əvvəl Ukraynanın Rusiyanın neft-qaz infrastrukturuna, xüsusilə Sankt-Peterburq yaxınlığına endirdiyi son zərbələr zamanı Baltik ölkələrinin, o cümlədən Latviyanın ərazisinə dronların daxil olması ilə bağlı bir neçə hadisə qeydə alınıb.
İlkin mərhələdə bu dronların Rusiya və ya Belarus ərazisindən uçduğu üçün Rusiyaya məxsus olduğu iddia edilsə də, sonradan onların Ukraynaya aid olduğu təsdiqlənib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqanın sözlərinə görə, Ukrayna dronlarının NATO ölkələrinin ərazisinə daxil olması naviqasiya səhvi səbəbindən baş verməyib. O bildirib ki, Rusiyanın radioelektron mübarizə və "spoofing” sistemləri pilotsuz aparatları kursdan yayındıraraq Baltik ölkələri istiqamətinə yönəldib.
Qeyd edək ki, Latviya NATO-nun üzvü olan ölkələrdən biridir.
Aydın
Şərhlər