Heyvanlar qışdan sağ çıxmaq üçün müxtəlif üsullar inkişaf etdirib. Bəziləri isti ölkələrə köçür, digərləri isə qalın xəzlə uyğunlaşır. Ayılar isə nağıllardan da məlum olduğu kimi qışda "yatır”. Lakin mütəxəssislər bunun tam olaraq yuxu olmadığını bildirirlər.
Qaynarinfo xəbər verir ki, "National Forests” ekspertlərinin izahına görə, qış yuxusu orqanizmin enerji sərfini azaltmaq üçün yaranan xüsusi vəziyyətdir. Bu zaman bədən temperaturu enir, nəfəs və ürək döyüntüsü yavaşlayır.
Məsələn, bəzi gəmiricilərdə ürək döyüntüsü dəfələrlə azalır, lakin onlar vaxtaşırı oyanaraq qida ehtiyatlarından istifadə edirlər. Ayılarda isə vəziyyət bir qədər fərqlidir.
Ayılarda "qış yuxusu” əslində nədir?
Alimlər bildirirlər ki, ayılar klassik qış yuxusuna getmir, əksinə "torpor” adlanan daha yüngül bir vəziyyətə düşürlər. Bu, sanki "meditasiya”ya bənzəyir.
Bu halda bədən temperaturu çox aşağı düşmür, amma heyvanlar 100 gündən çox yemək və su olmadan yaşaya bilirlər. Orqanizm isə maddələr mübadiləsi məhsullarını yenidən emal edərək enerji əldə edir.
Ayılar niyə qışda "yatır”?
Qışda qida tapmaq çətinləşir və enerji sərfi çox olur. Buna görə də torpor ayılar üçün sağ qalma mexanizmidir.
Əsas fərq ondadır ki, ayı təhlükə hiss edərsə, tez oyana bilir. Məsələn, dişi ayılar bala doğmaq üçün bu vəziyyətdən müvəqqəti çıxırlar.
Ayılar yayda yatırmı?
Torpor yalnız qışa aid deyil. Qida çatışmazlığı və ya kəskin şərait dəyişməsi zamanı ayılar ilin digər fəsillərində də bu vəziyyətə düşə bilirlər.
Kiçik heyvanlar daha çox "həqiqi qış yuxusu”na gedir, iri heyvanlar isə əsasən torpor istifadə edir. Ayılar, yenotlar və skunkslar bu tipə aiddir.
Aydın
Şərhlər