Ukrayna Premyer Liqasının XXVII turunda Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor Donetsk” səfərdə "Poltava” ilə qarşılaşıb. Donetsk təmsilçisi rəqibini 4:0 hesabı ilə məğlub edərək mövsümün başa çatmasına 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Qaynarinfo xəbər verir ki, qonaq komandanın qollarını 45+3-cü dəqiqədə Dmitro Kriskiv, 55 və 61-ci dəqiqələrdə İsaque Silva, 67-ci dəqiqədə isə Lassina Traore vurub.
Bu nəticədən sonra ən yaxın izləyicisi "Polessya Jitomır” ilə xal fərqini 11-ə çatdıran "Şaxtyor Donetsk” vaxtından əvvəl çempion olub. Ukrayna klubu bir mövsümlük fasilədən sonra yenidən zirvəyə qayıdıb və klub tarixində 16-cı liqa çempionluğunu qazanıb.
Arda Turanın komandası cari mövsümdə liqada keçirdiyi 27 oyunda 66 xal toplayıb. "Şaxtyor” bu qarşılaşmalarda 65 qol vurub, cəmi 17 top buraxıb. Komanda həmçinin 19 oyunluq məğlubiyyətsiz seriyası ilə diqqət çəkib.
Arda Turan isə bu uğurla Avropada liqa çempionluğu yaşayan ilk türk baş məşqçi kimi tarixə düşüb. Mövsümün əvvəlində "Eyüpspor”dan ayrılaraq "Şaxtyor Donetsk”in baş məşqçisi təyin olunan gənc mütəxəssis karyerasının ən önəmli nailiyyətlərindən birinə imza atıb.
Bununla yanaşı, Arda Turan məşqçi karyerasında ikinci liqa çempionluğunu əldə edib. O, daha əvvəl 2023/24 mövsümündə "Eyüpspor” ilə Trendyol 1. Liqanın qalibi olmuşdu.
Aydın
Şərhlər