Akrofobiya (yüksəklik qorxusu) dünyanın ən geniş yayılmış fobiyalarından biridir. Maraqlı məqam odur ki, bu qorxu çox vaxt qəfil yaranır və demək olar ki, eyni sürətlə də yox ola bilir.
Qaynarinfo xəbər verir ki, Rutqers Universitetinin təkamül bioloqu Skott Trevers "Forbes” üçün yazdığı məqalədə insanların niyə yüksəklikdən qorxduğunu izah edib. Onun sözlərinə görə, bu reaksiya bir çox məməlilərin biologiyasında dərin kök salmış instinktiv mexanizmdir.
Trevers qeyd edir ki, yüksəklik qorxusu sonradan qazanılmış deyil. O, yalnız insanlara aid deyil və heyvanlarda da müşahidə olunur.
Alimlərin 60 ildən çox əvvəl apardığı məşhur "vizual uçurum” eksperimenti bu fikri təsdiqləyib.
Eksperiment nə göstərib?
1960-cı ildə psixoloqlar Eleanor Gibson və Riçard Uolk tərəfindən aparılan "vizual uçurum” təcrübəsində körpələr xüsusi şüşə səth üzərinə qoyulurdu. Şüşənin bir hissəsi altında naxışlı səth yerləşir, digər hissəsində isə dərinlik illüziyası yaradılırdı.
6–14 aylıq körpələr anaları onları çağırsa da, "uçurum” hissəsindən keçməkdən imtina edirdilər. Onlar şüşənin möhkəmliyini yoxlamaq üçün əllərini üzərinə vurur, lakin irəli getmirdilər.
Oxşar nəticələr toyuqlarda, quzu və keçi balalarında, həmçinin pişiklər və siçanlar üzərində də müşahidə olunub. Maraqlısı odur ki, bu heyvanların heç biri əvvəlcədən yıxılma və ya mənfi təcrübə yaşamamışdı.
Törversin sözlərinə görə, bu nəticələr qorxunun öyrənilmiş deyil, "qeyri-assosiativ” şəkildə formalaşdığını göstərir.
Beyində qorxu necə yaranır?
Bioloq bildirib ki, beyində qorxu reaksiyalarının əsas mərkəzlərindən biri badamcıq formalı amigdala bölgəsidir.
2021-ci ildə aparılan araşdırmalar zamanı alimlər amigdalanın daxilində yalnız yüksəkliklə aktivləşən xüsusi neyron qruplarını aşkar ediblər. Siçanlar yüksəklikdə yerləşdirildikdə bu "yüksəklik qorxu neyronları” aktivləşir, ürək döyüntüləri sürətlənir və donma reaksiyası yaranır.
Eyni neyronlar yırtıcı qoxusu və ya yaxınlaşan obyekt kimi digər təhlükə siqnallarına isə eyni şəkildə cavab vermirmiş. Bu isə mexanizmin məhz yüksəklik üçün spesifik olduğunu göstərir.
Tədqiqatlara görə, akrofobiyası olan insanlar vizual siqnallara həddindən artıq güvənir və bu, balans sistemində uyğunsuzluq yarada bilər. Yüksəklikdə sabit vizual istinadların itməsi beyində "nəzarətin itirilməsi” hissi yaradır.
Sağlam qorxu ilə fobiya arasındakı sərhəd
Törversin fikrincə, normal ehtiyat hissi ilə klinik fobiya arasında sərhəd var, lakin bu sərhəd dəqiq deyil.
Əhalinin təxminən 3–6 faizi yüksəklikdən irrasional və gündəlik həyata mane olan dərəcədə qorxu hiss edir. Digərlərində isə bu, sadəcə təbii qoruyucu reaksiyadır.
Bioloq qeyd edir ki, yüksəklikdə narahatlıq hissi keçirmək əslində "problem” deyil, normal təkamül uyğunlaşmasıdır.
Niyə qaranlıqdan da qorxuruq?
Trevers daha əvvəl insanların qaranlıqdan qorxmasını da izah edib. Onun sözlərinə görə, bu da milyon illər ərzində formalaşmış sağqalma mexanizmidir və beynin təhlükə axtarma sisteminin bir hissəsidir.
Qaranlıq qorxusu zəiflik deyil, insan beynində dərin kök salmış adaptiv reaksiyadır.
Aydın
Şərhlər