"Bu proses Ermənistan-Azərbaycan münasibətlərinin hansı sürətlə irəliləməsindən asılı olacaq. Yəni Ermənistan-Türkiyə münasibətləri məhz yuxarıda qeyd etdiyim məqama paralel olaraq gedəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev münasibətləri normallaşdırmaq üçün yaxın günlərdə Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında olması gözlənilən növbəti görüş barədə danışarkən deyib.
"Bu məsələ Türkiyənin özündən asılı olsaydı, ilin sonuna qədər İrəvanla əlaqələrin qurulması baş verərdi. Çünki prinsipcə Türkiyə buna hazırdır. Amma məsələ ondadır ki, Türkiyə və Pakistan Ermənistanla münasibət qurarkən Bakı ilə məsləhətləşirlər. Yəni məsələnin həlli sadəcə iki ölkənin rəyindən asılı olan məsələ deyil. Bu isə məsələni bir qədər mürəkkəbləşdirir", deyə ekspert bildirib.
Həmsöhbətimiz əmindir ki, sözügedən görüşdə təkcə sərhədlərin açılması məsələsi müzakirə olunmayacaq:
"Bu tədbirlər, görüşlər məhz diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması istiqamətinə yönəlib. Əminəm ki, görüşdə təkcə sərhədlərin açılmasından söhbət getməyəcək. Müzakirələr geniş spektri əhatə edəcək. Gözlənilən görüşdə həmçinin, münasibətlərin bərpası, infrastrukturun yenidən qurulması kimi məsələlər də müzakirə predmeti ola bilər. Zəngəzur yolu ilə bağlı infrastrukturun qurulmasında da müəyyən yeniliklər var. Artıq bununla bağlı Ermənistanda işlərə başlanılıb. Türkiyə tərəfdən də iş davam edir. Ona görə də müzakirə olunası məsələlər çoxdur. Kılıçla Rubinyan arasında keçiriləcək növbəti görüşdən müəyyən konkret addımlar gözləmək mümkündür".
Siyasi şərhçi Fərhad Məmmədov isə Qaynarinfo-ya bildirib ki, Türkiyə-Ermənistan yaxınlaşması Bakı ilə Ankaranın sinxron addımları çərçivəsində həyata keçirilir:
"Vaşinqton görüşündən sonra regionda yeni reallıq formalşıb. Azərbaycanla Ermənistan arasında münasibətlərdə ənənəvi hesab edilən məqamlarda da transformasiyalar baş verir. Pakistan Ermənistanla diplomatik münasibətlər qurub. İrəvan-Ankara münasibətlərində də normallaşma gözləniləndir. Çünki 2020-ci il müharibəsindən sonra həyata keçməyən, ancaq qəbul edilən bir sıra qərarlar var. Bu ilk növbədə üçüncü dövlətlərin vətəndaşları üçün sərhədlərin açılması məsələsi idi. Ermənistan-Türkiyə prosesi tam olaraq, Azərbaycan-Ermənistan prosesindən asılıdır və sinxron həyata keçirilir. Böyük ehtimalla Ankara-İrəvan münasibətlərində hər hansısa addımlar, Azərbaycan-Ermənistan münasibətlərində də öz əksini tapacaq. Təsadüfi deyil ki, görüş ATƏT-in Minsk qrupu buraxılandan sonra baş verəcək. Bu da o deməkdir ki, sözügedən proses rəsmi Bakı ilə Ankaranın sinxron addımları çərçivəsində həyata keçirilir”.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, İrəvanla Ankara arfasında münasibətlərin nizama salınması üçün yaxın günlərdə xüsusi nümayəndələr Sərdar Kılıçla Ruben Rubinyan arasında görüş planlaşdırılır. Görüş Ermənistanda keçiriləcək.
Məlumata görə, Türkiyə nümayəndəsi Ermənistana quru yolla, Əlican-Marqara nəzarət-buraxılış məntəqəsindən keçməklə gələcək. İddialara görə, görüşdə münasibətlərin normalaşdırılması barədə qərar qəbul ediləcək.
Rüfət Sultan
Şərhlər