Sumqayıtda 7 yaşlı uşağın məşq zamanı müəllimi tərəfindən öldürülməsinin səs-küyü yatmamış daha bir dəhşətli hadisə baş verib. Bu dəfə Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin rəhbərliyi və müəllimi kriminal əməlləri ilə gündəmə gəliblər.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, məktəbin cüdo bölməsinin müəllimi Əliyev Ceyhun Xasay oğlunun yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq etdiyi, qeyri-etik davrandığı aydın olub.
Məlumatlı mənbənin bildirdiyinə görə, valideynlərin şikayətindən sonra Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.
Sayt məsələ ilə bağlı Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinini direktoru Fuad Aslanovla əlaqə saxlayıb. F.Aslanov yaxın qohumunu xəstəxanaya gətirdiyi üçün danışmaq imkanı olmadığını, xəstəxanadan çıxdıqdan sonra əlaqə saxlayacağını qeyd edib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi Ülkər Abbasova isə bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır:
"Ceyhun Əliyevin saxlanılması ilə bağlı məlumatımız var. Araşdırma aparılır. Amma rəsmi olaraq, hamı kimi cavab gözləyirik. Həbs olunma səbəbi ilə bağlı hansısa məlumatım yoxdur”.
Qeyd edək ki, 7 yaşlı uşağın ölümü ilə nəticələnən hadisənin baş verdiyi Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 19 saylı məktəbin də Fuad Aslanovun nəzarətində olduğu bildirilir.
Şərhlər