Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən yüksək mərtəbəli yaşayış kompleksində tikinti və abadlaşdırma işləri aparılarkən yaşıllıqları məhv edən "İnşaat Təmir" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, "İnşaat Təmir" MMC tərəfindən Saray qəsəbəsində çoxmərtəbəli binaların tikintisi zamanı 13 ədəd müxtəlif ölçülü ağacların məhv edilməsi faktı müəyyən edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə protokolı tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmə iclasında iştirak edən şirkət rəsmləri ağacların kəsilməsi faktını təsdiq ediblər. Bildirilib ki, həmin ağacların kəsilməsinə MMC-nin vəzifəli şəxsi göstəriş verib. Guya MMC-nin rəhbərliyinin bu barədə hər hansı tapşırığı, hətta məlumatı da olmayıb.
Şirkət məhkəmədə İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə) maddəsi ilə təqsirli bilinib. Bu maddə üzrə hər bir ağacın məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə cərimə hüquqi şəxslər üçün 35 min manatdır. Məhkəmənin hökmü ilə "İnşaat Təmir" MMC barəsində 35 min manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "İnşaat Təmir" MMC-nin qanuni təmsilçisi Şabiyev Bəxtiyar Əziz oğludur. 2016-cı ildə yaradılan şirkətin ilk qanuni təmsilçisi İsmayilova Qərənfil Nəcib qızıdır.
Əhməd
Şərhlər