Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.
"Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”, – XİN bildirib.
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb:
"Beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə altına almağa və münaqişədən sonrakı bərpa işlərinə maneə törətməyə davam edən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq”.
Xatırladaq ki, bu gün Cəbrayıl və Ağdam rayonlarında mina hadisələri baş verib. Cəbrayıl rayonundakı hadisədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı yaralanıb. Ağdam rayonundakı partlayışda isə bir ailənin üç üzvü xəsarət alıb.
Şərhlər