Xəbər lenti

Referendum və konstitusiya dəyişiklikləri niyə vaxtaşırı gündəmə gətirilir? (ŞƏRH)
Siyasət 19:19 14.04.2025

Referendum və konstitusiya dəyişiklikləri niyə vaxtaşırı gündəmə gətirilir? (ŞƏRH)

"Düşünürəm ki, referendum keçirilməsi və konstitusiya dəyişiklikləri gələcəyə hesablanıb. Yaxın zamanlarda referendumun keçiriləcəyini gözləmirəm".

Bunu Qaynarinfo-ya siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib. O referendumun keçiriləcəyi ilə bağlı məlumatların vaxtaşırı olaraq gündəmə gətirilməsinin səbəblərini açıqlayıb:

"Bu ola bilsin ki, şüurlu şəkildə edilir və sadəcə, nəbz yoxlaması xarakteri daşıyır. Ya da ola bilsin ki, müxalifətin ayrı-ayrı nümayəndələri, siyasi partiyalar tərəfindən ortalığa atılır. Hesab edirəm ki, bu, daha çox müxalifət nümayəndələrinin özlərinin istəklərini reallıq kimi qələmə vermək cəhdlərindən irəli gəlir. Söhbət nədən gedir? Hakimiyyətin təşkili mexanizmində demək olar ki, bütün konstitusion dəyişikliklər həyata keçirilib. Digər məsələlərdə isə konstitusion dəyişikliklərin həyata keçirilməsi inandırcı deyil. Adətən hesab edirlər ki, konstitusion dəyişikliklər və referendum Milli Məclisin say tərkibinin artırılması və proporsional seçki sisteminin bərpası ilə bağlı ola bilər. Belə ehtimallar irəli sürülür. Fikirimcə, bu o qədər də inandırıcı deyil. Milli Məclisin 125 nəfərlik parlamentlə daha çoxsaylı parlamentin idarə olunması prosesləri arasında fərq var. Bu gün 125 nəfərlik parlament daha rahat idarə olunur. Ona görə də çoxsaylı parlamentin idarə olunması əlavə problemlərin yaranmasına gətirib çıxardar".
 


Siyasi şərhçi Milli Məclisin say tərkibinin artırılmasının inandırıcı görünmədiyini qeyd edib:

"Proporsional seçki sisteminin bərpa olunması məsələsi nisbətən inandırcı görünsə də, indiki şəraitdə onun bərpa olunması məqsədəuyğun sayılmamalıdır. Çünki yeni siyasi konfiqurasiya adlanan partiya sistemi formalaşıb, amma hələ də siyasi partiyaların heç biri, başda Yeni Azərbaycan Partiyası daxil olmaq şərti ilə ictimai rəyə, siyasi proseslərə əsaslı şəkildə təsir göstərmək imkanlarına malik deyillər. Bu baxımdan proporsional seçki sisteminin bərpa olunması inandırıcı görünmür".

"Hazırda regionda və eləcə də bütün dünyada böyük geosiyasi oyunlar gedir. O cümlədən Azərbaycana təzyiqlərlə bağlı böyük oyunlar gedir, xeyli cəhdlər var. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Regionda təsir dairəsi uğrunda mübarizə amansız şəkidə gedir. Rusiya, Qərb ölkələri, ABŞ, hətta bəzi hallarda İran da öz səsini qaldırmış olur. Bu baxımdan diqqət geosiyasi problemlərin həllinə yönəlməlidir", deyə Qulamhüseyn Əlibəyli bildirib.

Onun sözlərinə görə, referendumun keçirilməsi müəyyən problemlər yarada bilər:

"Hakimiyyət maraqlıdır ki, daha çox geosiyasi problemləri həll etmiş olsun. Bir tərəfdən kifayət qədər xərc, eyni zamanda diqqət tələb edən işdir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->