Son görüşdə Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanı aşağılaması, rusiyapərəst qüvvələrin Ermənistanda seçkilərdə iştirakına şərait yaradılmasını vacib saymasını bir çox təhlilçilər Ermənistanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndiriblər. Təhlilçilərin fikrincə, əgər Rusiya ilə Qərb arasında qaynar müharibə Ukraynada gedirsə, soyuq müharibə məhz Ermənistanda aparılır.
Siyasi şərhçi Sahib Kərimli Qaynarinfo-ya müsahibəsində bu məsələyə aydınlıq gətirib.
- Rusiya və Ermənistan liderləri arasında baş verən son polemikalar Cənubi Qafqazın siyasi mənzərəsini necə təsir edir?
- Moskvada baş tutan Vladimir Putin və Nikol Paşinyan görüşündə səslənən açıqlamalar artıq lokal xarakterli məsələləri aşaraq, qlobal güclərin bölgədəki nüfuz savaşının bir hissəsinə çevrilib. Əsas diqqət Rusiya–Ermənistan münasibətləri və Rusiya-Qərb qarşıdurması müstəvisində cəmlənib. Moskvanın ritorikasında Ermənistanın iqtisadi asılılığı vurğulanır. Rusiyanın təqdim etdiyi iqtisadi imkanlar - ucuz qaz, ticarət dövriyyəsinin 6 milyard dolları aşması - Kremlin arqumentlərinin əsasını təşkil edir. Bununla yanaşı, ticarət dövriyyəsində reeksportun xüsusi çəkisi Moskva üçün həm iqtisadi, həm də siyasi rıçaq rolunu oynayır. Putinin mesajları dolayısı ilə belə səslənir: iqtisadi baxımdan Rusiyadan faydalanan Ermənistanın siyasi olaraq Qərbə meyillənməsi etimad böhranı yaradır.
- Paşinyanın mövqeyi bu kontekstdə necə dəyərləndirilə bilər?
- Paşinyan daha çox suverenlik və balans siyasətini önə çıxarır. Onun ritorikası Ermənistanın müstəqil qərarvermə hüququna istinad edir və yalnız bir güc mərkəzinə bağlanma risklərini qabardır. Lakin bu yanaşma fonunda Moskva ilə münasibətlərdə gərginliyin artması qaçılmaz görünür.
- Bu polemikanın seçkiqabağı mühitlə əlaqəsi varmı?
- Bəli, çox önəmli əlaqəsi var. Ermənistan seçki ərəfəsində siyasi gərginlik artıb. Liderlər arasında sərtləşən dialoq daxili auditoriyaya yönəlik mesaj rolunu oynayır. Rusiyanın Ermənistanda siyasi dəyişikliklərdə maraqlı olması, rusiyapərəst qüvvələrin aktivləşdirilməsi və Paşinyana yönələn tənqidlər İrəvan tərəfindən daxili işlərə müdaxilə kimi qiymətləndirilir. Eyni zamanda Qərb də prosesdə aktiv iştirak edir, amma daha yumşaq mövqe nümayiş etdirir ki, bu da regionun geosiyasi əhəmiyyəti ilə izah olunur.
- Putinin görüş zamanı seçkilərə diqqət çəkməsi nə anlama gəlir?
- Putin görüşün ilk dəqiqələrindən seçkilərə toxundu, Rusiyapərəstlərə seçkilərdə iştirak üçün şərait yaradılmasını arzuladı. Bu, çox maraqlı proseslərin baş verəcəyinə işarədir. Paşinyanın görüşə Ermənistan xəritəsi ilə qatılması, özünəinamlı cavabları və Putinin onu ciddi tərəfdaş kimi qəbul etməsi Paşinyanın uğuru kimi kimi görünür. Bu həm də Rusiyanın yeni geosiyasi reallıqları nəzərə aldığını göstərir. Lakin Kremlin Paşinyan üçün hansı sürprizləri hazırladığını indidən söyləmək çətindir. Görünən odur ki, Rusiya Ermənistanın suverenliyinə kobud müdaxilədən çox dolaylı və yumuşaq müdaxilələr edəcək. Paşinyan qalib gəlsə belə, bu, böyük fərqlə olmayacaq. Rusiyayönümlü Samvel Karapetyan də kifayət qədər populyardır. Rusiya daha çox strateji həmlələr düşünür. Parlamentdə təsirli sayda Rusiyayönümlülər olacaq. Təbii ki, görüşdəki dialoq Ermənistanda daxili auditoriyaya da təsir edir və Paşinyanın elektoratını motivasiya edəcək. Amma seçkilərdən sonra Rusiyayönümlü qüvvələrin də əsasən mərkəzləşməsi prosesi baş tutacaq. Köçəryan, Sarkisyan kimi fiqurların sıradan çıxması və Samvel Karapetyanın liderliyi ilə yeni Rusiyayönümlü liderlərin önə çıxması da baş tutacaq. Bu, Rusiyaya Ermənistana təsir etmək üçün əlavə imkanlar qazandıracaq. Ona görə ki, odioz və işlənmiş füqurları yeniləri əvəzləyəcək. Bu isə gələcəkdə Rusiyayönümlü siyasi qüvvələrə əlavə imkanlar qazandıracaq. Yeni simaları keçmiş səhvlərinə görə ictimai rəydə gözdən salmaq mümkün olmayacaq.
- Bu situasiya Ermənistan daxilindəki siyasi gərginliyə hansısa formada təsir edirmi?
- Seçkilərin olmadığı dönəmlərdə də Ermənistan daxili siyasi gərginliklə üzləşir. Artıq siyasi qütbləşmə mövcuddur: Qərbyönümlü və Rusiyayönümlü siyasi təşkilatlar arasında kəskin rəqabət var. Bu gərginlik seçkiqabağı dialoqun həm daxili, həm də regional siyasətə təsirini artırır.
- Bəs Qərbin mövqeyi necə olacaq?
- Qərb maraqlıdır ki, Paşinyanla Rusiya arasında dialoq mühiti qorunsun. Ermənistan Orta Dəhliz ölkəsidir, strateji layihələr üçün önəmli çoğrafi mövqeyi var.
Rusiya ilə kəskin münasibətlər Qərbin regionla bağlı planlarını gecikdirə bilər. Bu arada, Ermənistanın dəmir yollarının idarəetməsinin Rusiyadan alınaraq Qazaxıstana verilməsi ilə bağlı fikirlərin səslənməsi də təsadüfi deyil. Orta dəhlizlə yükdaşımalar yaxın illərdə çoxalacaq. Zəngəzur koridoru məsələsi var.
Paşinyanın nəqliyyat infrastrukturu ilə bağlı elan etdiyi "Ermənistan kəsişməsi" layihəsi var. Yəni həm Şərq-Qərb həm də Şimal-Cənub marşrutları üzərində yeni logistika mərkəzi kimi mövqe tutmaq niyyətləri var.
Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi də Azərbaycan üzərindəndir. Yaxın gələcəkdə Ermənistanın Türkiyə ilə münasibətləri dərinləşəcək. Bu, Avropa ilə Rusiya arasındakı yükdaşımaların, Türkiyə və Azərbaycan üzərindən keçməklə də reallaşması perspektivlərini yaradır. Ona görə də böyük oyunçuların Ermənistandakı proseslərə ehtiyatlı yanaşması təbiidir. Ermənistan və ümumiyyətlə Cənubi Qafqaz regionu, geosiyasi güclərin kəskin qarşıdurma poliqonu olmaqdan çox, qarşılıqlı güzəştlərlə birgə layihələrin reallaşacağı zona olmağa doğru gedir.
- Azərbaycanın mövqeyi bu fonda necə görünür?
- Azərbaycan balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasət yürüdür. Ölkə heç bir güc mərkəzinin təsiri altında qalmadan həm Rusiya, həm də Qərb ilə praqmatik münasibətlər qurur. Bu yanaşma Azərbaycanı regionda aktiv geosiyasi subyektə çevirir və Ermənistanın daxili çəkişmələri arasında sabitlik nümunəsi kimi görünür.
- Yəni, bu polemika yalnız iki ölkə arasında fikir ayrılığı deyil?
- Bu, Rusiya ilə Qərb arasında davam edən geosiyasi rəqabətin Cənubi Qafqazdakı əks-sədasıdır. Ermənistanda seçkiqabağı gərginliyin artması isə bu rəqabətin yaxın dövrdə daha da kəskin fazaya keçə biləcəyini göstərir.
Siyasət şöbəsi
Şərhlər