Demokrat Partiyasının nümayəndələri ABŞ Konqresində Ukraynaya müharibədə dəstəyin gücləndirilməsini və Rusiyaya qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi layihənin əldə olunmuş surətinə istinadən
yazır.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində aparıcı demokrat olan Qreq Miks qanun layihəsini təqdim edib. Layihə Ukraynaya təhlükəsizlik ehtiyaclarının maliyyələşdirilməsindən tutmuş müharibədən sonrakı bərpa işlərinə və Rusiyaya qarşı gücləndirilmiş sanksiyalara qədər çoxsəviyyəli yardım nəzərdə tutur.
Birinci bölmədə Ukraynaya və NATO-ya dəstək təsdiqlənir, həmçinin Ukraynanın bərpası məsələləri üzrə xüsusi koordinator vəzifəsinin yaradılması təklif olunur. İkinci bölmədə təhlükəsizlik sahəsində Ukraynaya dəstək – birbaşa kreditlər və hərbi maliyyələşdirmə məsələləri əks olunub. Üçüncü bölmədə isə Rusiya banklarına, enerji və mədən sənayesinə, habelə Rusiya rəsmilərinə qarşı sərt sanksiyalar və ixrac nəzarəti tədbirləri nəzərdə tutulur.
Agentliyin məlumatlı mənbələri bildirirlər ki, bu qanun layihəsi prezident Donald Trampın administrasiyasına Kiyevin tərəfində daha dəqiq mövqe tutması üçün göstərilən növbəti təzyiq cəhdidir.
"Konqresdə atılan bu addımlar qanunvericilər arasında – hər iki partiyanın nümayəndələri arasında – Ukraynanın taleyi ilə bağlı artan narahatlığı əks etdirir. Çünki respublikaçı prezident Donald Tramp 20 yanvarda ikinci müddətinə başladığı vaxtdan etibarən Moskva ilə bağlı daha barışıqçı mövqe sərgiləyir”, – deyə mənbələrdən biri qeyd edib.
Qanun layihəsi üzərində işləyən konqresmenlərin köməkçiləri bildirirlər ki, əgər bu sənəd Nümayəndələr Palatasından tam dəstək almasa, onun ayrı-ayrı müddəaları Ukrayna ilə bağlı daha geniş qərar paketinə daxil edilə bilər.
"Bu qanun layihəsi, şübhəsiz ki, daha geniş qanunvericilik müzakirəsinin bir hissəsinə çevriləcək”, – deyə sənədin həmmüəlliflərindən biri bildirib.
13 aprel tarixində Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna ABŞ-dan, o cümlədən Patriot zenit-raket komplekslərini əhatə edən silah paketini almağa hazırdır. Lakin Vaşinqton Kiyevə vəd etdiyi hava hücumundan müdafiə sistemlərini hələ də təqdim etməyib.
Daha sonra prezident Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ silahlarını almaq təklifinə münasibət bildirib.
"Ah, o daim raket almaq istəyir. Dinləyin, əgər siz müharibəyə başlayırsınızsa, qalib gələcəyinizə əmin olmalısınız, düzdür? Siz özünüzdən 20 dəfə böyük olan birinə qarşı müharibə başladıb insanların sizə raket verəcəyinə ümid edə bilməzsiniz”, – deyə o, mətbuat konfransında bildirib.
Alpər
Şərhlər