ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noemin miqrasiya ilə mübarizədə həyata keçirdiyi əməliyyatları nümayişə çevirməsi və sosial mediadan geniş istifadə etməsi tənqidlərə səbəb olur.
Qaynarinfo xəbər verir ki, ABŞ prezidenti Donald Trampın daxili siyasətdə əsas prioritetlərindən biri qanunsuz miqrasiyanın qarşısını almaq və miqrantları sürətlə, rekord sayda deportasiya etməkdir.
Lakin bu çətin missiyanı həvalə etdiyi şəxslərdən biri olan daxili təhlükəsizlik naziri Kristi Noem dövlət məmuru kimi deyil, sosial media fenomeni kimi davranmaqda və həyata keçirilən əməliyyatları təhlükəyə atmaqda günahlandırılır.
Kürsüyə mahnı ilə çıxdı
53 yaşlı Kristi Noem miqrantlar, gömrük, sərhəd təhlükəsizliyi və terrorla mübarizəyə cavabdeh Daxili Təhlükəsizlik Nazirliyinə rəhbər təyin olunduğu gündən bəri media fəaliyyətləri ilə diqqət çəkir. Qanunsuz miqrantlara yönəlmiş "İndi gedin" adlı kampaniyaya start verən Noem tez-tez ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) qruplarının reydlərində iştirak edir.
Vəzifəyə başladığı ilk iclasda kürsüyə Treys Edkinsin "Hot Mama" (Alovlu ana) adlı mahnısı ilə çıxan Noem sərhəd patrul forması geyinərək at belində şəkillər paylaşır, sahil mühafizəsinin təyyarə kokpitindən fotolar yayımlayır. Bu davranışlar "ciddiyyətsiz" olaraq qiymətləndirilir və Ağ evdə "Noem nazir, yoxsa fenomen?" sualını gündəmə gətirib.
Məhkumlarla poz verdi
Tramp administrasiyası seçicilərə vəd etdiyi qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərinin ictimaiyyətə açıq şəkildə göstərilməsinə xüsusi diqqət yetirir. Bu çərçivədə Noem mart ayında cinayətkar dəstə üzvü olduqları üçün deportasiya edilən venesuelalıların yerləşdirildiyi Salvador həbsxanasını ziyarət edib.
Burada yarıçılpaq, başları qırxılmış məhkumların arxasında çəkdirdiyi şəkillər isə kəskin tənqidlərə səbəb olub. "Wall Street Journal" nəşrinə danışan hökumət nümayəndələri Noemin bu davranışlarının əməliyyatlardan daha çox "özünü tanıtmağı" ön plana çıxardığını bildiriblər.
Əməliyyatı ifşa etdi
Nazir son olaraq ICE qruplarının Nyu-Yorkda keçirdiyi reydə qatılıb və həmin görüntüləri sosial şəbəkələrdə "İndi iş vaxtıdır" qeydi ilə paylaşıb. Rəsmi şəxslər bildiriblər ki, Noemin bu paylaşımı əməliyyatın ifşasına səbəb olub və planlaşdırılandan daha az şəxs saxlanılıb. Trampın 2025-ci il bitənədək 1 milyon qanunsuz miqrantı ölkədən çıxarmaq istədiyi bir vaxtda, Noemin bu hədəfi riskə ata biləcəyi irəli sürülür.
Aydın
Şərhlər