Xəbər lenti

Trampın elçiləri Fransaya gedir: Makronu öz tərəflərinə çəkə biləcəklərmi?
Dünya 13:23 16.04.2025

Trampın elçiləri Fransaya gedir: Makronu öz tərəflərinə çəkə biləcəklərmi?

"Tramp Makronun müstəqil hərəkət etmək siyasətindən narahatdır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Tramp adminstrasiyasının iki nümayəndəsi - dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi nümayəndə Stiv Uitkoffun Parisə gözlənilən səfərlərini şərh edərkən deyib.

Elçin Şıxlı bildirib ki, Trampın bütün daxili və xarici, habelə tarifləri artırmaq siyasəti biznes, əslində alver məqsədi güdür:

"Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvada görüşdən sonra Rusiya istisna olmaqla digər ölkələrə tarif tətbiq etməsi, Avropanı da əks addımlar atmağa vadar edib. Fransa isə Avropa Birliyinin iqtisadi cəhətdən iki aparıcı ölkəsindən biridir. Paris Aİ-də liderliyi ələ alaraq Ukrayna məsələsi də daxil bütün məsələlərdə müstəqil hərəkət etmək istəyir ki, bu da Trampın planlarına uyğun gəlmir. Artıq Avropa Rusiyanın nəfəsini öz üzərində duymağa başlayıb ki, bu da onları təşvişə salır. ABŞ isə ona kömək etmək məsələsində yaxasını kənara çəkir".



Ekspert qeyd edir ki, Tramp Avropa İttifaqının onun dediyi ilə oturub-durmasını və ABŞ prezidentinin biznes siyasətini həyata keçirməkdə ona maneə olmamasını istəyir: 

"ABŞ üçün Ukrayna yalnız oradakı təbii sərvətlər baxımından maraqlıdır. Yəni orada kiminsə həlak olması Trampı maraqlandırmır. Bu mənada Trampın Parisə öz nümayəndələrini göndərməsi də öz biznes maraqlarının həyata keçirilməsinə Fransanın maneə olmasına son qoymaq məqsədi daşıyır".

Bu işdə Trapın Makronu öz tərəfinə çəkib-çəkə bilməyəcəyinə gəldikdə, həmsöhbətimizin fikrincə, bunun üçün ABŞ Fransaya elə bir şey vəd etməlidir ki, qarşı tərəf onun tərəfinə keçsin:

"Amma düşünmürəm ki, Tramp Fransaya hansısa qeyri-adi şey vəd etsin".

Qeyd edək ki, bu həftə ərzində ABŞ prezidenti Donald Trampın iki yüksək çinli məmuru - dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi nümayəndə Stiv Uitkoffun Fransaya səfər edəcəyi gözlənilir. Bu barədə məlumatı "Politico" nəşri verib. 

Uitkoff Fransa prezidenti Emmanuel Makronla, Rubio isə xarici işlər naziri Jan-Noel Barro ilə görüşəcək. Əsas müzakirə mövzuları Ukrayna, İran və ticarət siyasəti məsələləri olacaq. 

Görünən odur ki, Ağ Ev Makronu özünün hansısa siyasətində razı salmağa, öz tərəfinə çəkməyə çalışır. Qeyd edək ki, Trampın hakimiyyətə gəlişi və yürütdüyü siyasət fonunda Aİ demək olar ki, bu siyasətə əks mövqe sərgiləyir. Bu vəziyyət özünü xüsusən də Ukrayna məsələsində göstərir. Tramp müharibəni və Ukraynada dəstəyi dayandırmaq yolunu tutduğu halda, Aİ Kiyevə dəstəyi daha da artırır. Bu siyasətin önündə isə Fransa dayanır. Görünür, Trampı da Parisin həmin mövqeyi narahat etdiyindən, öz nümayəndələrini Fransaya göndərməklə Makronu ələ almağa çalışır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->