Kosmonavtlar Yer kürəsini "mavi mərmər” adlandırırlar, lakin uzaq keçmişdə planetimizin görkəmi tamamilə başqa cür olub.
Qaynarinfo xəbər verir ki, Naqooya Universitetindən Taro Matsuonun "Nature Ecology & Evolution" jurnalında dərc olunan yeni araşdırmasına əsasən, Yer okeanları bir zamanlar mavi yox, yaşıl rəngdə olub. Bu isə yüksək dəmir (Fe(II)) konsentrasiyası və sianobakteriyaların fəaliyyəti ilə bağlıdır.
Təxminən 3 milyard il əvvəl, atmosferdə oksigen olmadan əvvəl, Yer okeanlarında yüksək miqdarda Fe(II) – iki valentli dəmir olub. Bu, sulara bulanıq yaşıl rəng verib. Ozon qatının olmaması və dəmirin çoxluğu xüsusi işıq mühiti yaradıb. Bu şəraitdə ilk fotosintez qabiliyyətinə malik orqanizmlər – sianobakteriyalar təkamül keçirib.
Taro Matsuo qeyd edir ki, genetik analizlər nəticəsində məlum olub: bu bakteriyalar "fikoeritrin" adlı ixtisaslaşmış fiqobilin zülalına malik olublar və bu zülal yaşıl işığı effektiv şəkildə mənimsəyib.
Sianobakteriyaların yaratdığı işıq udma strukturları – fikobilisomalar – PEB adlı piqmenti daşıyıb. Məhz bu piqment yaşıl işığı səmərəli şəkildə mənimsəyərək enerjini xlorofillərə ötürüb və bu da yaşıl dənizlərdə bu bakteriyalara üstünlük qazandırıb.
Arxey dövrünün işıq şəraitinin modelləşdirilməsi və genetik modifikasiya olunmuş bakteriyalar üzərində aparılan təcrübələr təsdiqləyib ki, PEB o qədər effektiv işləyib ki, enerji ötürülməsi üçün fikoeritrinə ehtiyac qalmayıb.
2023-cü ildə Matsuo İvo adasını ziyarət edib. Oradakı hidrotermal bulaqlar suları Fe(II) ilə zənginləşdirir və okean yaşıl çalarlara malikdir. Su analizləri göstərib ki, 5,5 metr dərinlikdə yaşıl işıq üstünlük təşkil edir və bu zonada yaşayan sianobakteriyalar daha çox PEB piqmenti ehtiva edir.
Bu kəşflər təkcə Yer tarixini anlamaq üçün deyil, həm də digər planetlərdə həyat əlamətlərini araşdırmaq baxımından əhəmiyyətlidir. Yaşıl okeanlar potensial bioloji aktivlik göstəricisi hesab olunur.
"Bu bizə göstərir ki, yaşıl okeanları uzaqdan müşahidə etmək mümkündür və bu, onların aşkar edilməsini asanlaşdırır", deyə Matsuo vurğulayıb.
Aydın
Şərhlər