Son günlər Ukraynada hakimiyyətə iddialı qüvvələr arasında müharibə başlayandan bəri səngiyən daxili çəkişmələr yenidən aktuallaşmağa başlayır. Belə ki, bu günə qədər susmağa üstünlük verən Ukraynanın keçmiş liderləri artıq prezident Volodimir Zelenskiyə qarşı kampaniyaya start veriblər.
Bu istiqamətdə ilk addımı Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko atdı. O, hazırkı hökuməti səriştəsizlikdə ittiham etdi. Ardınca sabiq prezident Pyotr Poroşenko da səhnəyə qayıtmağa çalışır.
Bu günlərdə o, Zelenskini hakimiyyəti qəsb etmək və avtoritar rejimi gücləndirmək üçün hərbi vəziyyətdən istifadə etməkdə ittiham edib.
"Vurğulamaq istəyirəm: biz aşkar olanı etiraf etməliyik - hakimiyyət hərbi vəziyyətdən sui-istifadə etməyə başlayıb, o, bundan təkcə ölkənin müdafiəsi üçün deyil, həm də avtoritar rejim qurmaq üçün istifadə edir. Hakimiyyəti qəsb etmək məqsəd ola bilməz və olmamalıdır. Ofisin sizə, parlamentarilərə məhdudiyyətsiz təsiri bütün Ukrayna üçün alçaldıcıdır", deyə eks-prezident qeyd edib.
Qeyd edək ki, ABŞ prezideti Donald Trampın Zelenskidən tələb etdiyi məqamlardan biri də seçkilərin keçirilməsi məsələsidir. Qanunvericiliyə uyğun olaraq Ukraynada prezident seçkiləri keçən ilin ortalarında keçirilməli idi. Lakin müharibənin davam etməsi səbəbilə proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Maraqlısı odur ki, Zelenskinin opponentləri, növbəti seçkidə rəqibi olmaq istəyən şəxslər də son zamanlara qədər bununla razılaşırdılar.
Lakin Trampın sözügedən təkidindən sonra güman ki, Poroşenko daxil hakimiyyətə iddialı olanlar artıq prosesə başlamaq fürsətinin yetişdiyi fikrinə gəliblər. Ona görə də artıq Zelenskini hakimiyyəti zəbt etməkdə, avtoritar rejimi gücləndirməkdə ittiham etməyə girişiblər.
Yəni birmənalı şəkildə aydındır ki, Poroşenkonun Zelenski barədə açıqlaması seçkilərə hesablanmış addımdır. Sabiq prezident bu açıqlaması ilə həm də növbəti seçkilərdə namizədliyini verəcəyinin anonsunu verir. Ona görə də mövcud situasiyadan istifadə edərək, özünə reytinq qazanmaq üçün Zelenskinin üzərinə hücuma keçməyə başlayıb. Bu proseslər həm də onun göstəricisidir ki, müharibə dayandıqdan az sonra Ukraynada prezident seçkilərinə start veriləcək.
Rüfət Sultan
Şərhlər