Xəbər lenti

İranda hicab qanunu ləğv edilir? (ŞƏRH)
Siyasət 16:00 06.10.2025

İranda hicab qanunu ləğv edilir? (ŞƏRH)

"Hicabla bağlı sərtləsmiş qanunun icrası dayandırılır, lakin bu həmin qanunun ləğv olunması anlamına gəlmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu deyib. 

Ekspert bildirib ki, İranda hicab mövzusu uzun illərdir müzakirə olunur:

"Xatırlayırsınızsa, 2022-ci il Məhsa Əmini etirazlarından sonra hicab mövzusu yenidən gündəmə gəlib. Tehrana qonaq gələn kürd əsilli Məhsa Əmini baş örtüyü qaydalara uyğun olmadığı üçün əxlaq polisi adlanan patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb və polis idarəsində vəziyyəti pisləşib, bir neçə gündən sonra dünyasını dəyişib. Bundan sonra isə İranda etirazlar və iğtişaşlar baş verib. Eyni zamanda, hicaba nəzarət məsələsi yenidən gündəmə gəlib. Hökumət və parlament həmin vaxt mühafizəkarların əlində olduğu üçün daha sərt hicab və iffət qanunu qəbul olundu.  Ancaq qanunun qəbulu uzandı. Məsud Pezeşkian isə bu qanunun qəbulunu arxa plana keçirdi".
 


Kənan Rövşənoğlu bildirib ki, Pezeşkian özü də açıq şəkildə vurğulayıb ki, baş örtüyü məcburi olmamalıdır, hökumətin baş örtüyü üçün patrul xidməti təşkil etməsi doğru deyil:

"İndiki halda, hökumətin müdaxiləsi ilə hicabla bağlı sərtləsmiş qanunun icrası dayandırılıb. Lakin bu heç də hicabın ləğv olunması demək deyil. Sadəcə qanunun icrası məsələsində daha sərt tədbirlər tətbiq  olunmayacaq. Bu isə müəyyən mənada yumşalma sayıla bilər".

Hökumətin atdığı bu yumşalmaya mühafizəkarların ciddi təpki göstərib-göstərməyəcəyinə gəlincə, həmsöhbətimiz indilikdə bunu istisna edir:

"Hələ ki, belə təpkilər yoxdur, görünür buna zərurət də yoxdur. Çünki hicab mövzusunda çox ciddi gərginlik oldu, ona görə də mühafizəkar camiə geri çəkildi. Həm də hazırda hakimiyyətdə islahatçılardır. Düşünmürəm ki, indiki vaxtda hicab mövzusunda daha böyük bir müzakirə və ya gərginlik olsun. Adətən islahat hökumətləri zamanı hicab mövzusuna yanaşma nisbətən yumşaq olur".

Qeyd edək ki, İran mediası ölkədə hicab taxmaq məcburiyyətinin ləğv edildiyi barədə məlumat verib. Medianın məlumatına görə, bu barədə İranın Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər bildirib:

"İranda hicab qanununu icra etməyə daha gərək yoxdur. Hicab taxmaq məcburiyyəti  artıq heç bir cərimə, cəza və ya hüquqi nəticə doğurmayacaq. Polisə də bunu çatdırın".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->