"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.
Qeyd edək ki, bundan əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsin müdiri təyin edilib.
1978-ci ildə Bakı şəhərində anadan olan Fuad Xəlilov Azərbaycan Dövlət Neft Akademiyasını "Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə bank sektorunda başlayaraq "Nikoil Bank”, "Bank Standard” və "Standard Insurance ASC” kimi maliyyə qurumlarında məsul və rəhbər vəzifələrdə çalışıb.
2017–2025-ci illər ərzində telekommunikasiya sahəsində fəaliyyətini davam etdirən Fuad Xəlilov "Bakcell” və "Azerconnect Group”da B2B satış və məhsul idarəetməsi sahələrinə rəhbərlik edib. 2020-ci ildə Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri vəzifəsində fəaliyyət göstərərək dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.
Hazırda "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsinin icrasına başlayıb.
Əhməd
Şərhlər