Bu gün tanınmış tərcüməçi Sevil Gültənin doğum günüdür. Gözə görünməsə də, Sevil xanımın ingilis dilindən Azərbaycan, Azərbaycan dilindən ingilis dilinə xeyli tərcümələri var. O, dünya ədəbiyyatının ölkəmizdə tanınması üçün kifayət qədər iş görüb, zəhmət çəkib. Sevil xanımla müsahibəni təqdim edirik:
Sevil xanım, bu gün doğum gününüzdür. Sizi Qaynarinfo ailəsi olaraq təbrik edirik. Bu yaşa kimi nə qazandınız, nə itirdiniz?
– Çox sağ olun! Mən də sizin saytın uzunömürlü olmağını arzulayıram. Bu yaşacan nə qazandım? Çoxlu tərcümələrim çap olunub. İngilis dilindən təxminən 70 kitab, 100-dən çox ayrı-ayrı hekayələr, Azərbaycan dilindən ingilis dilinə isə təxminən 50-60 kitab tərcümə etmişəm. Çap olunan kitablar qazancımdır, eyni zamanda təcrübə qazanmışam. Vaxt var idi, gün ərzində Azərbaycan dilindən ingilis dilinə 2-3 səhifə güclə tərcümə edirdim. İndi isə ən azı 15 səhifə tərcümə edə bilərəm. Amma... itirdiklərim lap çoxdur. Zaman itirmişəm. Zamandan qiymətli heç nə yoxdur. Mənim iki qızım ömrünün 22 ilini özgə evlərində keçirib. 22 il. Hər dəfə onların ad gününü müxtəlif evlərdə qeyd etmişik, bəzən o qədər problemlərim olub, onların ad gününü unutmuşam. Heç bilmirəm, böyük qızım orta məktəbi yaxud universiteti bitirəndə hansı küçədə, kimin evində qalırdıq. Heç bilmirəm, Gültən ilk dəfə işə başlayanda kimin evindən işə gedib.
Bakıya köçəndə, demək olar, bütün ev əşyalarımı gətirmişdim. Böyük bir yük maşını. İki çarpayı, "stenka” mebel, kitab şkafı, sandıq, teşt... Heç məsləhət verən olmadı ki, o qədər ev əşyasını hara aparırsan? O əşyalardan indi heç nə qalmayıb. O ev əşyalarının mənim üçün həm maddi, həm də mənəvi dəyəri vardı. Birini ilk maaşımla almışdım, birini təqaüdümlə, biri anamın yadigarı idi, biri atamdan qalmışdı. O əşyalardan beş–on suvenir və boşqab qalıb. Qızlarıma ürəkləri istəyəni ala bilmədim bayram günlərində. İndi hərdən əlimə pul düşəndə deyirəm ki, kaş nə ola, neçə il geriyə qayıda biləm, onlara bir hədiyyə alıb ad günlərini, bayramlarını təbrik edə biləm.
– Doğum gününü necə, harda, kiminlə qeyd edəcəksiniz? Sizi söz adamlarından kimlər təbrik edib?
– İki qızımla qeyd edirəm ad günümü, özgə evində. Adamın iş yeri ola, iş yoldaşları ola, onlarla qeyd edəsən. Nə iş yerim var, nə də iş yoldaşlarım. Əvvəllər qohumlarım zəng edirdi. İndi çoxunun yadından çıxmışam. Söz adamları "Facebook”da təbrik edib, yalnız Bircə Xanım telefonuma zəng vurub təbrik etdi. Bilmək olmaz, axşama hələ çox var, bəlkə Çingiz Abdullayev, Rəşad Məcid zəng edib çox arzularımın həyata keçmədiyi üçün məni "təbrik” edəcəklər?
Tərcümə sahəsində bu qədər zəhmətiniz olub. Sizcə, bunun adekvat qiymətini almısınızmı?
– Tərcümə edib az-çox qonorar almışam. O gün təxmini hesabladım, 12 il ərzində "Qanun”dan ən azı 50 min manat qonorar almışam 60 kitabın tərcüməsi üçün (hissə-hissə verilib). Bu 50 min manatın heç min manatını belə öz ehtiyaclarıma xərcləməmişəm, yalnız ev pulu ödəmişəm. Heç bir mükafat-filan almamışam. Hətta beş cümləni dalbadal yaza bilməyənlərə verilən "Rəsul Rza” mükafatını da mənə verən olmayıb.
– Sevil xanım, deyirlər, acıdilsiniz, heç kimlə yola getmirsiniz. Hətta sizinlə əməkdaşlıq edən nəşriyyatları da tənqid etməkdən çəkinmirsiniz. Bu haqda nə deyə bilərsiniz?
– Vallah, mən acıdil deyiləm, əksinə, zarafatcılam. Sözü üzə demək acıdil olmaq deyil. "Heç kim” geniş mənalı sözdür. Niyə yola getmirəm ki. 40 il əvvəl işlədiyim məktəbdəki iş yoldaşlarımla hələ də əlaqə saxlayıram. Qonşu Dəkkəoba kəndində işləmişəm, ordakı bəzi iş yoldaşlarımla dostluğum hələ də davam edir. 8 il Muğam Teatrında işləmişəm, heç kimlə sözüm olmayıb. Nə oldu, qələm adamları üçün acıdil oldum? Pişik heyvandır, onun da ayağını tapdalamasan, adamı cırmaqlamaz. Unutmayaq ki, "mərdi qova-qova namərd edərlər” kimi atalar sözümüz var.
Onu deyim ki, hazırda heç bir nəşriyyatla əməkdaşlıq etmirəm. "Qanun” mənimlə əməkdaşlığa son qoyub, haqlı tənqidi qəbul etmirlər. Çapa gedən tərcümə kitablarımda redaktorların səhvlərini düzəldirdim, naşir bu işimə görə mənə əlavə qonorar verməliydi, çünki kitabların o cür kobud səhvlərlə çapa getməsi ilk növbədə nəşriyyatın imicinə kölgə salır.
- Bu gün kimə, nələri demək istərdiniz?
– "Facebook”da AYB əleyhinə bir cümlə yazan kimi "sözaparanlar” birinin üstünə beşini qoyub Anara çatdırırlar. Bacarıqlı, fərasətli "sözaparanlar”, tərcüməylə bağlı çoxlu yazılarım var, nəşr etdirməyə maddi imkanım yoxdur, bu ismarışımı Anara çatdırın, bəlkə elə o, yazılarımın kitab halında çap olunmağına maddi dəstək olacaq.
Qaynarinfo
Şərhlər