"Allah mənə səs, gözəl sənət verdi, böyük tələbə ordusu yetişdirdim, hamısını önə çıxardım, amma sonda baxdım ki, hələ dayanacaqda qalmışam".
Bunu Qaynarinfo-ya açıqlamasında bu gün 67 yaşı tamam olan xanəndə Sabir Abdullayev ad günü ilə bağlı arzularından danşarkən deyib.
Xanəndə deyir ki, bu cəmiyyətdə pulu olmayana hörmət edən yoxdur:
"Evdə oluram, bütün günü həyətdə o yan-bu yana gedirəm. Bekarçılıqdı, bəzən bağbanlıq edirəm. Can sağlığı, bir də əsas pul olsun. Pulun olmasa səni sayan, hörmət edən də olmayacaq. Pul olmadığından həyatımızı yola veririk. Əslində isə demək olar ki, bütün həyatımı yola verdim. Belə çıxır ki, mən bu incəsənətdə heç nə etməmişəm. Əziyyət çəkdim, oxudum, oxuduqlarımı tələbələrimə öyrətdim, hamısı Xalq və Əməkdar artist fəxri adına layiq görüldü. Amma onları öyrədənə bir qiymət verilmədi. Onlar Xalq artistidirlər, mənsə xalqımın artisti”.
"Xalq artisti Arif Babayevin ad günündə tələbələri ona ən bahalı kostyumlar hədiyyə edir. Sizin də çoxlu sayda tələbələriniz var. Onlar sizə ad günü nə hədiyyə edirlər” sualına Sabir Abdullayev belə cavab verdi:
"3-4 tələbəm məni təbrik edib, amma yerdə qalanları gözə görünmür. Səsləri də gəlmir heç. Zəng edib ad günümü təbrik edirlər. Mənə pul-zad vermirlər ey, sadəcə ad günümü təbrik edirlər. Camaat elə başa düşər ki, pul-zad göndərirlər, belə şey yoxdur. Arif Babayev düz deyir. Bir dəfə mənə dedi ki, sənin filan qədər tələbən var, yəqin ki, hədiyyələrin çox olar? Dedim, Babayev, vallah, dədəmin goru haqqı, tələbələrindən bir dənə yarıyan sənsən. Bəlkə də inanmadı. Bir dəfə də olsun tələbələrimdən hədiyyə görməmişəm. Vallah-billah görmədim. Həyatdır da, biri yaxşı qazanar, biri də qazana bilməz. Bəxtim belə gətirdi”.
Bahar Rüstəmli
Şərhlər