Xəbər lenti

Ekonomiks 15:20 22.04.2025

"Leysanlar zamanı tunellər bağlansın": Bu cümlə problemi həll edərmi?

"Keçən həftə paytaxtda üzləşdiyimiz problemin həlli Bakı şəhər təsərrüfatının vahid mərkəzdən idarə olunmasından keçir".

Bunu Qaynarinfo-ya açıqlamasında REAL sədri, iqtisadçı Natiq Cəfərli Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun paytaxta yağan yağışla bağlı verdiyi açıqlamanı şərh edərkən deyib.

Natiq Cəfərlinin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının verdiyi açıqlamalar göstərir ki, paytaxtda infrastrukturla bağlı ciddi problemlər mövcuddur:



"Onda sual yaranır ki, həmin problemlər niyə indiyə kimi həll edilməyib? Eldar Əzizov tam elan etməsə də, onu da vurğulayaq ki, Bakı şəhərinin təsərrüfatı bir mərkəzdən idarə olunmur. Yəni su və kanalizasiya sistemi şəhər icra hakimiyyətinə tabe deyil. Yol və körpülərin tikintisi də şəhər rəhbərliyi tərəfindən aparılmır. Problem bir daha onu aktuallaşdırır ki, Bakı şəhərinin təsərrüfatı vahid mərkəzdən idarə olunmalıdır. Bunun üçünsə dünya praktikasında Böyük Şəhər Bələdiyyəsi və şəhər hökumətinin formalaşması ən optimal çıxış yoludur". 

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçən həftə Bakıya yağan yağışın fəsadları barədə danışarkən bu barədə əvvəlcədən xəbərdarlıq aldıqlarını bildirib: "Aprelin 15–16-da paytaxta yağan güclü leysan barədə əvvəlcədən xəbərdarlıq almışdıq. Lakin mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi".

O qeyd edib ki, nasos stansiyaları həddindən artıq yüklənib, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirib: "Bu isə onu göstərir ki, şəhər infrastrukturu – ilk növbədə kanalizasiya sistemi - yeni yanaşmaları zəruri edir".

Əzizov problemin həlli ilə bağlı bu fikirləri əlavə edib: "Leysanlar zamanı Bakıda tunellərə və körpüaltı keçidlərə girişə məhdudiyyət qoyulsun".  bəs bu cümlə problemin həlli ola bilərmi?

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->