Almaniyalı mütəxəssislər ekoloji kənd təsərrüfatı texnikasının hərəkət məsafəsini əhəmiyyətli dərəcədə artırmağın yolunu tapıblar. Yeni yanaşmaya əsasən, yanacağın birbaşa təkərlərin daxilində saxlanılması planlaşdırılır. Bu isə iri yanacaq çənləri problemini aradan qaldıra bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review” nəşri yazıb.
"Hörmann Vehicle Engineering" şirkətinin mühəndisləri ağır traktor təkərlərinin daxilindəki boşluğu yüksək təzyiqli rezervuarlara çevirməyə imkan verən konsepsiya hazırlayıblar. Şirkət nümayəndələrinin sözlərinə görə, bu texnologiya ənənəvi konstruksiyalarla müqayisədə daha çox hidrogen saxlamağa imkan verir və kabinədə və ya dam hissəsində əlavə yer tutmur.
Layihənin əsas məqsədi gün ərzində fasiləsiz işləyə bilən, dözümlülüyünə görə dizel mühərrikli analoqlara yaxın traktor yaratmaqdır.
TU Braunschweig Mobil Texnika İnstitutunun professoru Lüdtger Frerix bildirib ki, əsas problemlərdən biri traktorların dizel yanacağı ilə müqayisədə daha az həcmli hidrogen tutumuna uyğunlaşdırılmasıdır.
Onun fikrincə, təkərlərin yanacaq çəni kimi istifadəsi bu maneəni aradan qaldıra bilər.
Məlumata görə, sistem karbon liflə gücləndirilmiş xüsusi rezervuarlardan ibarətdir və onlar birbaşa təkər disklərinin daxilində yerləşdirilir. Bundan əlavə, şirkət təkər çənlərini nadir torpaq elementlərindən istifadə etməyən yeni elektrik ötürücü sistemi ilə birləşdirib. Tərtibatçılar bildirirlər ki, bu kombinasiya yüksək etibarlılıq təmin edir.
Prototiplərin sınaqları artıq keçirilib. Bildirilir ki, "Fendt Helios” traktorları 2024-cü ilin məhsul yığımı mövsümündə test edilib.
AGCO şirkətinin qlobal tədqiqat və qabaqcıl mühəndislik direktoru Benno Pixlmayer qeyd edib ki, "Fendt Helios” dizel mühərrikli eyni gücdə olan traktorların yerinə yetirdiyi bütün işləri icra edə bilir.
Hazırda layihə üzərində işlər davam edir. Mühəndislər böyük yüklə davamlı fırlanan sistemin hermetikliyini tam təmin etmək üzərində çalışırlar. Məqalədə qeyd olunur ki, bu texnologiyanın uğurlu tətbiqi kənd təsərrüfatı sektorunda fosil yanacaqlardan tam imtinaya imkan yarada bilər.
Aydın
Şərhlər