Xəbər lenti

Yaxın Şərq böhranı və neft qiymətlərinin kəskin artması fonunda dollar bahalaşır
Dünya 13:10 11.05.2026

Yaxın Şərq böhranı və neft qiymətlərinin kəskin artması fonunda dollar bahalaşır

ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı danışıqların dalana dirənməsi fonunda dollar həftəyə artımla başlayıb.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Yaxın Şərqdə geosiyasi gərginliyin artması və Hörmüz boğazında faktiki bloklanma fonunda investorlar daha çox ABŞ dollarına yönəlib.

Məlumata əsasən, ABŞ valyutası "təhlükəsiz aktiv” kimi qəbul edildiyi üçün tələb artıb. Dollar Yapon yeninə qarşı 0,3% bahalaşaraq 157,10 yen səviyyəsinə yüksəlib. Avro isə 0,28% ucuzlaşaraq 1,1754 dollar səviyyəsinə düşüb.

Eyni zamanda neft qiymətlərində də kəskin artım qeydə alınıb. Hörmüz boğazının bağlanması fonunda qlobal neft və qaz tədarükünün təxminən 20%-nin risk altına düşdüyü bildirilir.

Nəticədə "Brent” markalı neft fyuçersləri 4,5% artaraq 105,87 dollar/barel, ABŞ WTI nefti isə 5% yüksələrək 100,24 dollar/barel olub.

ABŞ ilə İran arasında atəşkəs və gərginliyin azaldılması üzrə danışıqların uğursuzluğa düçar olduğu bildirilir. ABŞ Prezidenti Donald Tramp Tehranın tələblərini "tamamilə qəbuledilməz” adlandırıb.

İran mediasının məlumatına görə, Tehran müharibənin dayandırılmasını, sanksiyaların ləğvini, təzminat ödənilməsini və Hörmüz boğazı üzərində nəzarətin İrana verilməsini tələb edib.

"JPMorgan” analitikləri xəbərdarlıq edirlər ki, Hörmüz boğazının uzun müddət bağlı qalması enerji qiymətlərində yeni sıçrayışa və qlobal iqtisadiyyata əlavə təzyiqə səbəb ola bilər.

Aydın
--> -->