"Qızıl bazarında son günlər kəskin qiymət enişi müşahidə olunur. Bəzi proqnozlara görə, növbəti həftə ərzində qızılın daha təxminən 5% ucuzlaşması mümkündür".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, hazırkı eniş qısamüddətli xarakter daşıyır və yaxın perspektivdə korreksiya prosesinin davam etməsi istisna edilmir. Ekspert qeyd edib ki, uzunmüddətli mənzərə isə tamamilə fərqlidir:
"J.P. Morgan"ın proqnozlarına əsasən, 2026-cı ilin sonuna qədər 1 unsiya qızılın 5.000 dollara, 2027-ci ildə isə 5.400 dollara qədər yüksəlməsi gözlənilir. Mərkəzi bankların qızıl alışlarını davam etdirməsi, geosiyasi gərginliklər və dollar siyasəti uzunmüddətli dövrdə qızılı dəstəkləyən əsas amillər olaraq qalır".
Akif Nəsirlinin fikrincə, hazırkı ucuzlaşma struktur dəyişiklik deyil, bazarda qısamüddətli korreksiya mərhələsidir. O əlavə edib ki, qızılın ucuzlaşması qlobal maliyyə bazarlarında baş verən proseslərlə birbaşa bağlıdır:
"Son dövrlərdə qızılın qiyməti unsiya üzrə 4.550 dollara qədər enərək martın sonundan bəri ən aşağı səviyyəyə düşüb. Bunun əsas səbəbi ABŞ-da inflyasiya göstəricilərinin gözləniləndən yüksək olması və Federal Ehtiyat Sisteminin faiz artımı ehtimalının güclənməsidir. Bu isə investorların qızıldan çıxaraq faiz gəliri verən aktivlərə yönəlməsinə səbəb olub. Qızıl yanvarın 29-da 5.595 dollarla tarixi maksimuma çatmışdı, daha sonra isə qısa müddətdə təxminən 1.200 dollar dəyər itirdi. Bu, 1983-cü ildən bəri ən kəskin iki günlük eniş kimi qeydə alınır".
Qeyd edək ki, bu həftə qızıl bazarında ciddi ucuzlaşma müşahidə olunub. Hazırda bazarda 1 qram qızılın qiyməti əvvəlki dövrlə müqayisədə təxminən 60 manat aşağıdır. Türkiyə istehsalı olan qızılın 1 qramı isə təxminən 175 manat civarında təklif olunur.
Bahar Rüstəmli
Şərhlər