1987-ci il noyabrın 28-nə keçən gecə Cənubi Afrika (CAR) Hava Yollarına məxsus Boeing 747 təyyarəsi təcili vəziyyət siqnalı verdikdən qısa müddət sonra Hind Okeanı üzərində 159 sərnişini ilə birlikdə yoxa çıxdı. Təyyarənin son anları ilə bağlı məlum olan yeganə fakt kabin daxilində güclü yanğının baş verməsi idi.
295 saylı uçuşda nə baş vermişdi?
Qaynarinfo xəbər verir ki, "Milliyet” qəzetinin materialına əsasən, SAA-nın (Cənubi Afrika Hava Yolları) 295 saylı uçuşu Tayvanın paytaxtı Taypey ilə Cənubi Afrikanın Yohannesburq şəhəri arasında planlaşdırılan adi reyslərdən biri idi. "Helderberg” adlanan Boeing 747 "Combi” tipli təyyarə həm sərnişin, həm də yük daşınması üçün nəzərdə tutulmuşdu.
Uçuş planına görə, təyyarə əvvəlcə Hind Okeanındakı Mavrikiy adasına enməli, daha sonra Yohannesburqa doğru hərəkət etməli idi. 14:23-də Taypeydən havaya qalxan təyyarədə 140 sərnişin, 19 ekipaj üzvü və 6 palet yük var idi.
O dövrdə Cənubi Afrikada "apartheid” rejimi səbəbilə hava məkanına məhdudiyyətlər tətbiq olunurdu və bu səbəbdən SAA daha uzun marşrutlardan istifadə edirdi. Bu isə "Combi” tipli təyyarələri daha iqtisadi seçimə çevirirdi.
Son əlaqə: təcili yardım çağırışı
Təyyarə Mavrikiyə yaxınlaşana qədər ciddi problem olmadan uçuşunu davam etdirib. Lakin 23:48-də pilotlar Mavrikiy hava hərəkəti idarəsinə təcili siqnal göndərərək yük bölməsində tüstü və yanğın olduğunu bildiriblər.
Son radio əlaqə 00:04-də qeydə alınıb. Bundan sonra təyyarə heç bir çağırışa cavab verməyib. Səhər açıldıqda Hind Okeanının səthində təyyarəyə aid hissələr tapılıb və "Helderberg”in yanğın səbəbindən dənizə düşdüyü müəyyən edilib. Sağ qalan olmayıb.
Qalıqlara dair tapıntılar
Mütəxəssislər təyyarədəki yanğının çox sürətli və dağıdıcı olduğunu bildiriblər. Yük bölməsindən başlayan yanğın qısa müddətdə bütün təyyarəni əhatə edib. Su səthində tapılan hissələrdə yanma izləri və elektrik kabellərinin əriməsi müşahidə olunub.
Təyyarənin təxminən 4900 metr dərinlikdə okeana düşdüyü müəyyən edilib ki, bu da "Titanik”in yerləşdiyi dərinlikdən də çoxdur. Qalıqlara yalnız 1988-ci il yanvarın 28-də çatmaq mümkün olub.
Qara qutu və son anlar
Araşdırmalar zamanı uçuş məlumatlarını qeyd edən qara qutu tapılmayıb. Kokpit səs yazıcıdan əldə edilən məlumatlara görə, pilotlar yanğını son ana qədər söndürməyə çalışıblar, lakin sistemlər sıradan çıxıb.
Yanğının səbəbi hələ də bilinmir
Rəsmi araşdırmalar nəticəsində yanğının təyyarənin yük bölməsinin sağ ön hissəsində yerləşən "PR” kodlu paletdən başladığı müəyyən edilib. Lakin bu yanğının hansı səbəbdən baş verdiyi indiyədək dəqiqləşdirilməyib.
Yük içərisində kompüter avadanlıqları, tekstil məhsulları, dərmanlar və digər materiallar olub. Bəzi batareyaların (nikel-kadmium və litium) mövcudluğu qeyd edilsə də, onların yanğının birbaşa səbəbi olduğu sübut edilməyib.
Rəsmi hesabatda yanğının mənbəyinin müəyyən olunmadığı, həmçinin yanlış bəyan edilmiş yük ehtimalının istisna edilmədiyi vurğulanıb.
Nəticə və açılmayan sirr
Faciədən sonra SAA "Combi” tipli təyyarələrin istifadəsini dayandırıb. Hadisə həm də yük təhlükəsizliyi qaydalarının sərtləşdirilməsinə səbəb olub.
1996-cı ildən sonra aparılan əlavə araşdırmalarda da yeni sübutlar əldə olunmayıb. Beləliklə, 295 saylı uçuşun faciəsi aviasiya tarixinin ən böyük sirlərindən biri olaraq qalır.
Günay
Şərhlər