Xəbər lenti

Sənət 14:45 19.05.2026

"... əvvəl bir-birimizi itirdik, sonra da üfüqləri..." (ŞEİRLƏR)

Sabah şair, publisist Qorxmaz Şıxalıoğlunun ad günüdür. Təbrik edirik!

Əvvəllər dünya
sakit bir adama oxşayardı,
çox rahat yaşayardı.
İndi dünya əsəb olub
başdan-başa.
Günəşi ölüm-zülüm
qalxır yerindən,
gecələr Ayını, elə bil,
göy üzünə sürgün edirlər...
Dəyişib torpağı, suyu,
hamısı acı dadır.
Ya Allahın dünyaya
gücü çatmır,
ya da Allah əl çəkib
dünyadan.

---

Yol qırağındakı bu daş
çox doğma gəlir mənə.
Elə bil, üzümə gülür,
hər yanından keçəndə —
yüz ilin tanışı kimi.
Bu daş, yəqin,
insan olub bir zaman.
Sonra bezib Göydən, Torpaqdan,
insan olmaqdan.
Hər şey darıxdırıb onu.
Darıxmaqdan daşa dönüb.
Yəqin, bu daş məni
dişinə vurur hələ.
Ancaq bir gün, bilirəm,
o, dil açıb mənimlə danışacaq.

---

Bu təzə gələn bahara
belə sakit baxmaq olmaz.
"Bahar fəsillərin şahıdır” deməklə,
şəhərin tünlüyündən qaçıb,
iki günlüyə kəndə getməklə
bu baharın borcundan çıxmaq olmaz.
O çiçəkləyən badam ağacının sehrli rəngindən,
o gözəl şanapipiyin
qərib səsindən,
vallah, utanır adam...
Bu təzə gələn yaza
belə soyuq baxmaq olmaz.
Yox, nəsə fikirləşib
tapmaq lazımdır mütləq.

---

Adil Mirseyidə

Bilirəm, səhər-axşam,
qəlbinin dərinliyində
rahat olmağa bir yer
axtarırsan.
Bəzən sənə elə gəlir ki,
o yeri tapmısan artıq.
Amma hər dəfə də
ruhdan düşürsən —
görürsən ki, bu, sən deyən
o yer deyil.
Yenə təzədən başlayırsan
bu zülmlü işə.
Biləsən: o yeri
tapmayacaqsan heç vaxt.
Çünki rahat olacağın o yer
hər dəfə tapdığın yerdən
o tərəfdə olacaq.

---

Kənddəki evimizdəyəm...
Həmin köhnə həyət,
kirəmitli ev.
Bir vaxtlar anamın
çörək bişirdiyi
şirəsi tökülmüş ocaq.
Çəpərin dibində pas atan
sacayaq.
Sütuna vurulmuş
üçhaçalı maral buynuzu —
babamdan qalan son yadigar.
Dalanın böyründən boylanan anamın
böyük sacı.
Samana həsrət samanlıqda
atılıb qalmış əlcəksiz dəryaz.
Kauçuk qablar arasında
sıxılan mis qazan.
Bir də həyəti dolaşan
ata-anamın nigaran ruhu...
Bir də... doqqazın ağzındakı
mağazadan qayıdan
qardaşımın səsi:
"Təzə çörəklə sosiska almışam, yol gəlmisən, gəl,
bir tikə çörək ye.”
Sonra... sonra da qonşu
oğlanın əl telefonundan gələn meyxana səsi...

---

Yüz il, min il əvvəlki
nakam sevgilərin kədəri,
yüz il, min il əvvəl
torpağa qarışmış
badam çiçəklərinin ətri var
bu yağışın səsində.
Ruhumun pərvaz etdiyi
üfüqlərdən o tərəfdəki dünyanın havasını gətirir
bu yağış...
Yox, gülüm, demə ki,
bəhanə gəzirəm içməyə.
Köhnə illərə baxma,
indi yağışlı günlərdə
dadıma içki yox,
kislota çatar ancaq...
Ona da gücüm yox.

---

Vaxt vardı,
eşqimiz dünyaya sığmırdı...
Vaxt vardı,üfüqlərdən yellənçək asıb yellənmək
istəyirdik.
İndi kimsə pəncərə arxasında qəmli-qəmli
oxuyur: "... əvvəl bir-birimizi
itirdik, sonra da üfüqləri..."

---

Tez-tez dodaqlarını yala,
gündə özünə tumar ver.
İrişə-irişə
əyil müdir qabağında...
Elə bilmə, pis oluram
bu cür baş saxlamağından.
Sənin miskin ömrün
bir daha şax yeriməyin,
məğrur gəzməyin
gözəlliyini pıçıldayır mənə.

---

"Düz olarsan, düzdə qalarsan”, — deyirlər.
Düz yox, səhrada qalmağa da hazıram ölənə qədər.
Amma yenə düz olacağam,
qəbirdə də düz qalacağam.

---

Ömür keçir, görürəm, yox,
Dünya düzələsi deyil.
Dünyanı yeyən adamlar
Yeyir yenə, bəsi deyil.

Yaxa qalıb nəfs əlində,
"Pul”dur çoxunun dilində.
Bu qədər səsin selində
Biri haqqın səsi deyil.

Çox iş ki görürük indi,
Nə imandan, nə dindəndir,
Qorxum sabahkı gündəndir,
Sözüm umu-küsü deyil.

--> -->