Mayın 26-dan Bakı-Tiflis-Bakı istiqamətində gündəlik sərnişin qatarları yenidən fəaliyyətə başlayacaq. Bununla bağlı müvafiq sənədlər mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə imzalanıb.
Bakı-Tiflis-Bakı istiqamətində gündəlik sərnişin qatarlarının fəaliyyətə başlamasının Azərbaycanın regionun tranzit mərkəzi rolunun güclənməsinə və regionda iqtisadi inteqrasiyanın genişlənməsinə necə təsir göstərəcəyi maraq doğurur.
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, dəmir yolu nəqliyyatının ən azından bu istiqamətdə bərpa edilməsi iqtisadi aktivliyi sürətləndirəcək:
"Bu xidmətləri göstərən müvafiq qurumlarda iqtisadi aktivlik artacaq. Eyni zamanda, bu sahəyə birbaşa xidmət göstərən subyektlərin yaranmasına və inkişafına imkan verəcək. Müxtəlif yollarla Gürcüstana gələn turistlərin qatar vasitəsilə, hava nəqliyyatına ehtiyac duymadan Azərbaycana üz tutmasına şərait yaranacaq. Düşünürəm ki, bu istiqamətdə turizm göstəricilərinə müsbət təsir olacaq".
İqtisadçının sözlərinə görə, Bakı-Tiflis xətti regionun iqtisadi və sosial inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır:
"Orta Dəhliz üzərində əlaqələndirici rolun güclənməsi, Azərbaycan və Gürcüstanın tranzit və bağlantı imkanlarının genişlənməsi baxımından bu addım strateji xarakter daşıyır. Dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması ticarətə, xidmət sektoruna və regionda ümumi hərəkətliliyə də müsbət təsir göstərəcək. Yollar açıldıqca ölkələr və insanlar daha sıx inteqrasiya olunur".
"Azərbaycan uzun müddətdir quru sərhədlərini bağlı saxlayır və bu da müəyyən hallarda suallar yaradırdı. Belə bir şəraitdə bu xəttin bərpası düşünürəm ki, həmin istiqamətdə yaranan bir çox suallara müsbət cavab olacaq”, deyə Eldəniz Əmirov əlavə edib.
Günay İlqarqızı
Şərhlər