Xəbər lenti

İlk üç ayın statistikası: Nikah, boşanma, doğuş və əhali sayı
Ölkə 16:14 19.05.2026

İlk üç ayın statistikası: Nikah, boşanma, doğuş və əhali sayı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10268165 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-aprel ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edib.

Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20362 doğulan körpə qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 8,8-dən 8,0-a düşüb. Doğulan körpələrin 53,8 faizi oğlan uşaqları, 46,2 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 698-i əkiz, 27-si isə üçəm olub.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 8203 nikaha daxilolma və 4614 boşanma halları qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,2-yə, boşanmaların sayı isə 1,9-dan 1,8-ə düşüb.
--> -->