Xəbər lenti

Nə diet, nə də idman - Uzunömürlülüyün sirri başqa imiş...
Dünya 18:20 15.05.2026

Nə diet, nə də idman - Uzunömürlülüyün sirri başqa imiş...

ABŞ-da 2019–2025-ci illər arasında aparılan yeni araşdırma yuxu çatışmazlığının insan ömrünə təsirinin gözləniləndən daha güclü olduğunu ortaya çıxarıb. Tədqiqatın nəticələrinə görə, müntəzəm yuxu azlığı siqaretdən sonra həyat müddətini ən çox azaldan amillərdən biri ola bilər.

Sağlam qidalanma və fiziki aktivlik uzunömürlülüyün əsas şərtləri sayılır. Lakin yeni elmi araşdırma göstərir ki, çox vaxt diqqətdən kənarda qalan yuxu rejimi həyat müddətinə daha ciddi təsir göstərə bilər. ABŞ-də aparılan tədqiqata əsasən, gecə 7 saatdan az yatan şəxslərdə həyat gözləntisi əhəmiyyətli dərəcədə azalır.

Qaynarinfo xəbər verir ki, tədqiqat Oregon Sağlamlıq və Elm Universitetinin (Oregon Health & Science University) mütəxəssisləri tərəfindən həyata keçirilib. 2019–2025-ci illər arasında ABŞ üzrə toplanmış sorğu məlumatları təhlil edilib və iştirakçıların yuxu müddəti ilə həyat gözləntisi müqayisə olunub.

Araşdırmada gecə 7 saatdan az yatan şəxslər "yetərsiz yuxu” qrupuna daxil edilib. Eyni zamanda nəticələrin daha dəqiq olması üçün fiziki aktivlik, təhsil səviyyəsi, iş vəziyyəti və gündəlik vərdişlər kimi faktorlar da nəzərə alınıb.

OHSU-nun yuxu fizioloqu Endryu MakHill bildirib ki, nəticələr tədqiqatçılar üçün də gözlənilməz olub:

"Yuxunun vacib olduğunu bilirdik, lakin onun həyat müddəti ilə bu qədər güclü əlaqə göstərməsi bizi təəccübləndirdi.”

Mütəxəssislərə görə, keyfiyyətli və müntəzəm yuxu yalnız gündəlik enerjini artırmır, həm də uzunmüddətli dövrdə orqanizmin bir çox sistemini qoruyaraq həyat müddətinə təsir göstərir.

Araşdırmada qeyd olunur ki, hətta bir gecə yuxusuz qalmaq belə beyin fəaliyyəti və immun sistemdə dəyişikliklərə səbəb ola bilər. Bu təsirlər uzun müddət davam etdikdə isə ciddi sağlamlıq problemləri yarana bilər.

Mütəxəssislər yuxu keyfiyyətini artırmaq üçün aşağıdakı vərdişləri tövsiyə edirlər:

- Yatmazdan əvvəl telefonda stress yaradan məzmunlardan uzaq durmaq
- Sabit yuxu rejimi yaratmaq
- Gün ərzində fiziki aktivliyi artırmaq
- Yoqa və tai chi kimi rahatlaşdırıcı fəaliyyətlər etmək
- Axşam saatlarında kofeindən uzaq durmaq

Mütəxəssislərin yekun fikrinə görə, yuxu artıq sadəcə istirahət deyil, sağlam həyatın əsas sütunlarından biri kimi qəbul edilməlidir. Onların sözlərinə görə, xüsusilə gərgin iş rejimi, ekran asılılığı və qeyri-müntəzəm həyat tərzi yuxu keyfiyyətini pozaraq uzunmüddətli sağlamlıq risklərini artırır.
 
Günay
--> -->