Xəbər lenti

Avropada pestisid
Dünya 11:00 15.05.2026

Avropada pestisid "kokteyli" təhlükəsi artır

Avropada satışa çıxarılan meyvə və tərəvəzlərin dörddə birindən çoxunda eyni anda bir neçə pestisid qalığı aşkarlanıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə European Food Safety Authority və "Pesticide Action Network”un (PAN) təhlillərinə əsaslanan araşdırmada bildirilib.

Məlumata görə, ən çox çirklənmiş meyvələrin siyahısına portağal, üzüm, çiyələk və alma başçılıq edir. Hazırkı Avropa qanunvericiliyinə əsasən, məhsulun tərkibində aşkar olunan hər bir pestisid ayrıca müəyyən edilmiş normanı keçmirsə, həmin məhsul təhlükəsiz hesab olunur.

Lakin ekoloji təşkilatlar xəbərdarlıq edirlər ki, ayrı-ayrılıqda təhlükəsiz görünən maddələrin birgə təsiri insan sağlamlığı üçün ciddi risk yarada bilər. Ekspertlər bu vəziyyəti "kimyəvi kokteyl effekti” adlandırırlar.

Araşdırmada qeyd olunur ki, bəzi pestisidlərin birgə təsiri sonsuzluq, hormonal pozuntular və digər xəstəliklərin yaranma riskini artıra bilər. Bildirilir ki, bu maddələr neyrotoksik təsirə malikdir və xüsusilə dölün beyin inkişafına, eləcə də azyaşlı uşaqlara ciddi zərər verə bilər.

"PAN Europe" təşkilatının icraçı direktoru Martin Dermine valideynlərə uşaqlara xüsusilə çirklənmə riski yüksək olan meyvələr üzrə yalnız üzvi (bio) məhsullar verməyi tövsiyə edib.

PAN Europe Avropa Qida Təhlükəsizliyi Agentliyini pestisidlərin kombinə olunmuş təsirini qiymətləndirən yeni metod hazırlamağa çağırıb. Ekspertlərin fikrincə, yalnız "kokteyl effekti” nəzərə alınmaqla müəyyən ediləcək yeni təhlükəsizlik normaları ictimai sağlamlığın real qorunmasına imkan verə bilər.

Bundan əvvəl alimlər gündəlik istifadə olunan qidalarda bağırsaq sağlamlığına zərər verə biləcək 168 kimyəvi maddə aşkar etmişdilər. University of Cambridge alimlərinin araşdırmasına görə, pestisidlər, herbisidlər, insektisidlər və müxtəlif sənaye kimyəvi maddələri insan mikrobiomuna mənfi təsir göstərə bilər.

Tədqiqatçılar bildirirlər ki, bu maddələrin böyük hissəsi insan orqanizminə qida, su və ətraf mühitlə təmas vasitəsilə daxil olur.
 
Günay
--> -->