"Bir-birini idarə edə bilməyən iki yeniyetmədən biri digərinə xəsarət yetirirsə, burada məktəbin günah payının nə dərəcədə olması mübahisəli məsələdir. Məktəbin şagirdləri addım-addım izləmək, onların hər davranışına cavabdeh olmaq imkanı yoxdur və ola da bilməz. Bu, absurd yanaşmadır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri Bakının 271 nömrəli tam orta məktəbində baş verən şagird zorakılığı hadisəsinə münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, məktəb ilk növbədə təlim-tərbiyə müəssisəsidir və onun funksiyaları konkret çərçivələrlə müəyyənləşir:
"Məktəb təlim və tərbiyə funksiyasını müəyyən proqram və qaydalar çərçivəsində həyata keçirir. Amma məktəb nəzarətedici və ya cəza qurumu deyil. Təəssüf ki, biz bu anlayışları bir-birinə qarışdırırıq. Məktəblərdən gözləntilər həddindən artıq çoxdur. Belə hallarda valideyn məsuliyyəti və cəza mexanizmləri də müzakirə olunmalıdır".
Elmin Nurinin sözlərinə görə, şagird və müəllim davranış qaydaları ilə bağlı müxtəlif normativ sənədlər mövcuddur, lakin valideyn məsuliyyəti məsələsi kölgədə qalır:
"Necə ki, müəllim və şagirdlər üçün davranış kodeksləri var, eyni prinsip valideynlərə də tətbiq edilməlidir. Çünki təhsil prosesinə valideyn müdaxilələri də kifayət qədərdir. Həm bu cür hadisələrdə, həm də ümumi məktəb mühitində valideyn məsuliyyəti birbaşa hiss olunmalıdır".
Ekspert təəssüflə bildirib ki, məktəblərdə həm tədris keyfiyyəti, həm də nizam-intizam məsələlərində valideyn faktoruna lazımi diqqət yetirilmir:
"Əslində məktəbdə A-dan Z-yə qədər bütün proseslərdə valideyn amili birbaşa və ya dolayı şəkildə iştirak edir. Amma bu təsir çox vaxt görünmür və nəzərə alınmır. Bəziləri hesab edir ki, valideyn yalnız ibtidai siniflərdə uşağın təhsili ilə maraqlanır, sonrakı mərhələdə isə sadəcə hazırlıq kursu və ya maddi təminatla kifayətlənir. Halbuki valideynin uşaqla maraqlanmaması da ciddi təsirdir. Laqeydlik özü də mənfi təsir formasıdır".
Elmin Nuri hesab edir ki, bir çox hallarda valideyn nəzarəti və marağı uşaqlar 4-cü sinifdən yuxarı keçdikdən sonra zəifləyir:
"Təbii ki, istisnalar var və övladı ilə yaxından maraqlanan valideynləri ayrıca qeyd etməliyik. Amma ümumi mənzərədə çoxluq fərqli davranır və nəticədə itirən tərəf məktəb olur. Bu gün müəllimlərin və məktəb rəhbərlərinin üzərinə həddindən artıq yük qoyulur".
Qeyd edək ki, Bakının 271 nömrəli tam orta məktəbində şagirdlər arasında baş verən dava sosial şəbəkələrdə yayılan videogörüntülərdən sonra geniş müzakirələrə səbəb olub.
Bahar Rüstəmli
Şərhlər