Xəbər lenti

Bəşəriyyətin ən böyük sui-qəsd nəzəriyyəsi: Mavi İşıq Layihəsi nədir?
Dünya 08:15 15.05.2026

Bəşəriyyətin ən böyük sui-qəsd nəzəriyyəsi: Mavi İşıq Layihəsi nədir?

İnsanlıq başını göyə qaldırdığı hər dəfə buludların arxasında gizli bir məna axtarmağa meyilli olduğu üçün tez-tez qorxu dolu ssenarilər yaradır. Sosial şəbəkələrin qaranlıq seqmentlərində geniş yayılmış "Mavi işıq layihəsi” (Project Blue Beam) iddiası da məhz bu qorxu üzərində qurulmuş sui-qəsd nəzəriyyələrindən biridir.

Qaynarinfo xəbər verir ki, müasir bir mifologiyaya çevrilmiş bu nəzəriyyəyə görə, NASA və Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi böyük qurumlar texnologiyadan bir silah kimi istifadə edərək insanlığı vahid dünya dövlətinə məcbur etməyi planlaşdırır. Elmi-fantastik ssenariləri xatırladan bu iddiaların kökü 1990-cı illərin əvvəllərinə, kanadalı Serj Monastın fikirlərinə dayanır.

Serj Monast 1994-cü ildə yazdığı iddiaları ilə bu gün rəqəmsal dünyada yayılan bir çox spekulyasiyanın əsasını qoymuş şəxslərdən biri hesab olunur. Onun iddiasına görə, qlobal güclər ənənəvi inanc sistemlərini tamamilə aradan qaldıraraq öz qaydaları ilə idarə olunan "Kova dövrü” yaratmaq istəyirdi. Bu prosesdə dinlərin silinməsi və milli sərhədlərin mənasını itirməsi hədəflənirdi. Monast 1996-cı ildə vəfat etsə də, onun irəli sürdüyü "dörd mərhələli xaos planı” bu gün də internet platformalarında müzakirə olunur.

Bu ssenariyə görə, proses cəmiyyətin psixoloji dayanıqlığını zəiflətməyə yönəlmiş texnoloji manipulyasiyalar üzərində qurulub. Monastın iddiasına əsasən mərhələlər belədir:

Keçmişin yenidən yazılması: İlk mərhələdə dünyanın strateji nöqtələrində süni zəlzələlərin törədiləcəyi iddia olunur. Bu hadisələrdən sonra ortaya çıxarılan saxta arxeoloji tapıntılar vasitəsilə mövcud dinlərin təməl təlimlərinin yanlış olduğu göstərilməyə çalışılacaq və inanc sistemində sarsıntı yaradılacaq.

Göydə lazer tamaşası: Ən çox tanınan hissə nəhəng hologram şoularıdır. Qabaqcıl lazer texnologiyası ilə göydə yaradılacaq saxta tanrı obrazlarının hər bölgəyə öz dilində səslənəcəyi, insanlara vahid mesajlar verəcəyi iddia olunur. Məqsəd kütlələrdə hipnoz effekti yaratmaqdır.

Zehinlərə sızan səslər: Üçüncü mərhələdə peyklər vasitəsilə aşağı tezlikli dalğalarla insanların şüuruna birbaşa mesajlar göndəriləcəyi və bu səslərin "ilahi mesaj” kimi qəbul ediləcəyi iddia edilir. Bunun nəticəsində itaət dalğasının yaranacağı irəli sürülür.

Saxta işğal və son zərbə: Son mərhələdə isə dünya miqyasında guya yadplanetli hücum təhlükəsi yaradılacağı bildirilir. "Min ulduzun gecəsi” adlandırılan bu ssenarinin yaratdığı panika dövlətləri nüvə silahlarından istifadə etməyə və daha sonra səlahiyyətlərin qlobal bir mərkəzə ötürülməsinə gətirib çıxaracaq.

Niyə bu ssenari hələ də yayılır?

Monastın irəli sürdüyü proqnozların əksəriyyəti reallaşmayıb və elmi araşdırmalar da zihin nəzarəti kimi iddiaların praktik olaraq mümkün olmadığını göstərib. Buna baxmayaraq, "Mavi işıq layihəsi”nin populyarlığını itirməməsi müasir dövrdə artan etimadsızlıqla əlaqələndirilir. Süni intellektlə reala bənzər görüntülərin yaradılması və hologram texnologiyalarının inkişafı "bizi aldadırlar mı?” sualını gündəmdə saxlayır. Göydə görünən hər naməlum obyekt isə bu nəzəriyyələrin yenidən canlanmasına səbəb olur.

Aydın
--> -->