Dünyada ən çox qəhrəmanlıq və təbliğat filmlərinə mövzu olmuş ABŞ ordusu xüsusilə son 25 ildə qlobal miqyasda üstünlüyü ilə seçilir. Lakin ABŞ mediasında yayımlanan köşə yazıları və xəbərlərdə, xüsusilə Ukrayna və İranda baş verən hadisələrin orduda modernizasiya, hətta "inqilabi dəyişiklik” ehtiyacını ortaya çıxardığı qeyd olunur. Bəs ABŞ Silahlı Qüvvələrini bu qədər ciddi yenilənməyə vadar edən nədir? Analitiklər hansı əsas məqamlara diqqət çəkir?
Qaynarinfo xəbər verir ki, Barak Obama dövründə 2009-2010-cu illərdə Ağ Evin baş katibi, 2002–2025-ci illər arasında isə ABŞ-ın Tokio səfiri kimi xidmət etmiş Rahm Emanuel son günlərdə "The Wall Street Journal” qəzetində məqalə dərc edərək ABŞ ordusunun niyə modernizasiya, hətta islahat inqilabına ehtiyac duyduğunu yazıb.
Məqaləsində ABŞ müdafiə strategiyasının yenilənməsinə və mövcud administrasiyanın siyasətlərinə sərt tənqidlər yönəldən Emanuel bildirir ki, 1986-cı ildə Konqres tərəfindən orduda həyata keçirilən böyük islahatlardan sonra müharibənin xarakteri köklü şəkildə dəyişib.
O, yazısında ABŞ ordusunun 1980-ci illərdən əvvəl yaşadığı iki böyük uğursuzluğu xatırladıb: Vyetnam müharibəsi və Qrenadanın işğalı. Vyetnam müharibəsi 20 illik qarşıdurmadan sonra ABŞ üçün məğlubiyyətlə nəticələnmiş, bu dövrdə orduda ciddi mənəvi və intizam böhranı yaranmışdı. Qrenada əməliyyatı isə ABŞ-ın Vyetnamdan sonrakı ilk böyük hərbi müdaxiləsi kimi qeyd olunur və burada müxtəlif qoşun növləri arasında koordinasiya çatışmazlığı üzə çıxmışdı.
1986-cı ildə qəbul edilən Qolduoter-Nikols qanunu ilə Pentaqonun komanda strukturu əsaslı şəkildə dəyişdirilmiş, daha inteqrasiya olunmuş və effektiv bir sistem yaradılmışdı. Emanuelin fikrincə, bu dəyişikliklər ABŞ ordusunu Körfəz müharibəsində daha koordinasiyalı fəaliyyət göstərən bir gücə çevirmişdi.
"Eyni anda iki fərqli müharibə" konsepsiyası
ABŞ hərbi strategiyası ənənəvi olaraq eyni vaxtda iki müharibə aparmaq qabiliyyətinə əsaslanır. Lakin Emanuelə görə, müasir dövrdə bu yanaşma dəyişməlidir. Onun fikrincə, ABŞ ordusu eyni anda həm ənənəvi, həm də qeyri-ənənəvi müharibə növlərinə hazır olmalıdır.
O yazır: "İkinci bir Qolduoter-Nikols inqilabına ehtiyac var. Rəqibləri çəkindirmək və qalib gəlmək üçün təyyarələr, gəmilər və tanklar hələ də vacibdir. Lakin üstünlüyümüzü itiririk".
Emanuel Ukrayna və İran nümunələrinə diqqət çəkərək bildirir ki, hər iki ölkənin donanma gücü azalsa da, strateji su yollarına nəzarət imkanları müharibənin gedişinə təsir edir.
Onun fikrincə, İran və ABŞ müharibəni fərqli meyarlarla qiymətləndirir: ABŞ batırılan hərbi gəmilərin sayına fokuslanarkən, İran strateji nəqliyyat yollarına nəzarəti əsas üstünlük kimi görür.
Tədarük sistemi ilə bağlı tənqidlər
Məqalədə ABŞ ordusunun yalnız şəxsi heyət deyil, həm də tədarük sistemi baxımından ciddi problemlərlə üzləşdiyi vurğulanır. Emanuel bu sistemi "uğursuzluğu biznes modelinə çevirmiş struktur” kimi xarakterizə edir.
O qeyd edir ki, Pentaqonun iri müdafiə podratçıları layihələri gecikdirir və büdcəni aşır. Onun sözlərinə görə, bəzi şirkətlər milyardlarla dolları silah istehsalından çox səhmlərin geri alınmasına yönəldir.
Emanuel bu vəziyyətlə bağlı təkliflər də irəli sürür: iri müdafiə şirkətlərinə müəyyən müddət ərzində səhmlərin geri alınmasının qadağan edilməsi və yeni texnologiyalara ayrılan federal vəsaitlərin bir hissəsinin daha kiçik şirkətlərə yönəldilməsi.
Onun fikrincə, bu addım innovasiyanı sürətləndirə və daha ucuz, effektiv silah sistemlərinin inkişafına təkan verə bilər.
Müasir döyüş meydanında dəyişikliklər
Məqalədə qeyd olunur ki, İranın ucuz "Şaheed” tipli dronları kimi sistemlər ənənəvi bahalı silahların effektivliyini azaldır. Bu isə ABŞ-ın hərbi üstünlüyünü yenidən düşünməsini zəruri edir.
Emanuelin fikrincə, müasir müharibələrdə artıq yalnız silahların ölçüsü və gücü deyil, çeviklik, texnoloji üstünlük və logistika həlledici rol oynayır.
O bildirir ki, ABŞ həm çoxsaylı cəbhələrdə çəkindirici gücünü qorumaq, həm də yeni müharibə formalarına uyğunlaşmaq üçün komanda strukturlarını yeniləməli, tədarük sistemini modernləşdirməli və gələcək döyüşlərə uyğun təlim proqramları hazırlamalıdır.
Nəticə
Emanuelə görə, ABŞ ordusunun üzləşdiyi çağırışlar əvvəlki islahat dövrlərindən fərqlənir və daha dərin transformasiya tələb edir. Onun fikrincə, məqsəd təkcə mövcud problemləri həll etmək deyil, həm də gələcək müharibə modelinə uyğun yeni hərbi sistem qurmaq olmalıdır.
O, bu vəziyyəti "ikinci Qolduoter-Nikols anı” kimi qiymətləndirərək ABŞ-ın strateji baxımdan yeni bir dönüş nöqtəsinə ehtiyac duyduğunu bildirir.
Aydın
Şərhlər