Xəbər lenti

ATU-nun 159 minlik tenderini qazanan
Ekonomiks 15:12 15.05.2026

ATU-nun 159 minlik tenderini qazanan "Referans Pharmaceuticals" kimindir?

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası laboratoriya üçün sərf materiallarının satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Referans Pharmaceuticals" MMC seçilib. Klinika satın alacağı sərf materiallarına görə şirkətə 159 006,09 manat ödəyəcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Referans Pharmaceuticals” MMC 21 oktyabr 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, akademik Mirəli Qaşqay küçəsi, ev 76-da yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev Abbas Famil oğludur. Famil Əliyev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

"Referans Pharmaceuticals” MMC-nin ilk qanuni təmsilçisi Heydərov İqbal Qəhrəman oğlu olub. Mediada gedən məlumatlardan aydın olur ki, İqbal Heydərov şirkətin təsisçisidir. 

Onun haqqında apardığımız araşdırma zamanı məlum olub ki, o, 2016-cı ildə "Novo Vita P” şirkətinin direktoru olarkən cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatdan aydın olur ki, "Novo Vita P” şirkəti tərəfindən dərman vasitələrinin qiymətinin süni surətdə artırılması ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə şirkətin Azərbaycana idxal etdiyi dərman vasitələrinin qiymətini süni surətdə dəfələrlə artırması, gömrük bəyannaməsi olmayan dərman vəsitələrin anbarda saxlaması və qanunsuz satması müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, İqbal Heydərov şübhəli şəxs qismində saxlanılıb.

İqbal Heydərov elmi fəaliyyətlə də məşğuldur. O, biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Ferula calcarea M.Pimen., Prangos biebersteinii Karjag. və Angelica purpurascens (Ave-Lall.) Gilli (Apiaceae) növlərinin kimyəvi tədqiqi” mövzusunda dissestasiya yazıb. Lakin onun bu dissertasiya ilə elmi dərəcə alıb-almadığı məlum deyil. Bu barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Məlum olan odur ki, İqbal Heydırovla ATU arasında dərin əlaqələr mövcuddur. 

"Referans Pharmaceuticals” MMC təsis edilərkən hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Mirzəbala Məmmədadə küçəsi, ev 8A yerləşib. Bu ünvanda "Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik" MMC yerləşir. Mediada gedən məlumatlara görə, hər iki təsisat "Referans Medical Group”a daxildir. 

"Referans Pharmaceuticals” MMC şirkəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sevimli şirkəti kimi təqdim edilir. Buna səbəb şirkətin vaxtaşırı sözügedən qurumun tenderlərinin qalibi seçilməsidir. 

Seyid
--> -->