Xəbər lenti

Kremlin Ermənistanda
Dünya 15:22 15.05.2026

Kremlin Ermənistanda "rəngli xaos" ssenarisi: Paşinyanı devirmək üçün yeni mərhələ başlayır?

Ermənistanda yaxınlaşan parlament seçkiləri fonunda Rusiya ilə Qərb arasında geosiyasi mübarizənin daha da sərtləşdiyi müşahidə olunur. Son illər Moskvanın təsir orbitindən tədricən uzaqlaşmağa çalışan İrəvanın Avropa İttifaqı və ABŞ-la münasibətləri genişləndirməsi Kreml tərəfindən açıq təhlükə kimi qəbul edilir. Məhz bu səbəbdən Rusiyanın Ermənistan daxilində siyasi proseslərə təsir imkanlarını səfərbər etdiyi barədə iddialar getdikcə artır.

"Sito Sokrata" nəşrinin yaydığı məlumata görə, Kreml Ermənistanda hakimiyyət dəyişikliyinə hesablanmış çoxşaxəli siyasi və informasiya planını artıq aktiv fazaya keçirib. Nəşr iddia  edir ki, Moskvanın əsas məqsədi Nikol Paşinyan hakimiyyətini zəiflətmək, Ermənistanın Qərbə inteqrasiyasının qarşısını almaq  və ölkəni yenidən Rusiyanın tam nəzarətində olan təhlükəsizlik və siyasi asılılıq zonasına qaytarmaqdır.

Müşahidəçilərin fikrincə, Moskva Qarabağ amilindən əvvəlki kimi təsir vasitəsi kimi istifadə edə bilmədiyi üçün indi daha mürəkkəb mexanizmlərə üstünlük verir. Xüsusilə 2023-cü ildə Qarabağda separatçı rejimin süqutundan və Rusiya "sülhməramlılarının” bölgədən faktiki təsirsiz vəziyyətə düşməsindən sonra Kremlin İrəvana təsir rıçaqları zəifləyib. Bunun ardınca Ermənistan KTMT-nin fəaliyyətini açıq şəkildə tənqid edib, təşkilatda iştirakını dondurub və Avropa İttifaqının müşahidə missiyasına daha geniş imkanlar yaradıb. Eyni zamanda, İrəvan ABŞ və Fransa ilə hərbi əməkdaşlığı gücləndirib.

Bu fonda Moskvanın seçkilərə mümkün müdaxilə planının bir neçə istiqamət üzrə həyata keçirildiyi iddia olunur.

Birinci istiqamət informasiya və dezinformasiya müharibəsidir. Ermənistanın sosial media seqmentində Rusiyaya bağlı media resurslarının və bot şəbəkələrinin fəallaşdığı bildirilir. Məqsəd cəmiyyətdə qorxu və qeyri-müəyyənlik yaratmaq, Paşinyan hakimiyyətini "torpaq təslimçiliyi”ndə ittiham etmək, həmçinin Avropa İttifaqı və ABŞ-la inteqrasiyanı Ermənistan üçün təhlükəli seçim kimi təqdim etməkdir. Son aylarda erməni mediasında anti-Qərb ritorikasının və manipulyativ məlumatların artması da bu versiyanı gücləndirən amillərdən sayılır.

İkinci istiqamət iqtisadi təzyiq mexanizmləridir. Ermənistan iqtisadiyyatının enerji, qaz və logistika baxımından hələ də ciddi şəkildə Rusiyadan asılı olduğu məlumdur. Xüsusilə Rusiya-Ermənistan ticarət əlaqələrində əsas nəqliyyat xətti olan Yuxarı Lars keçidində vaxtaşırı yaranan problemlər İrəvana siyasi mesaj kimi qiymətləndirilir. Bundan başqa, "Qazprom” xətti ilə qaz qiymətlərinin artırılması ehtimalı da Kremlin əlində mühüm təzyiq vasitəsi olaraq qalır.

Üçüncü xətt daxili siyasi parçalanmanın dərinləşdirilməsi ilə bağlıdır. İddialara görə, Moskva Ermənistan daxilində müxtəlif "spoyler” siyasi layihələrin maliyyələşdirilməsinə çalışır. Məqsəd seçici səslərini parçalamaq, Paşinyan əleyhdarlarını vahid mərkəzdə birləşdirmək və ölkədə idarəolunan siyasi böhran mühiti yaratmaqdır.

Ən təhlükəli mərhələ isə küçə qarşıdurmaları və qeyri-sabitlik ssenarisi hesab olunur. Analitiklər istisna etmirlər ki, seçkiöncəsi və ya seçkidən sonra etiraz aksiyalarının radikallaşdırılması, toqquşmaların təşkili və hakimiyyətin sərt müdaxiləyə təhrik olunması planlaşdırıla bilər. Belə bir vəziyyətdə isə Ermənistan rəhbərliyinin beynəlxalq arenada "avtoritar idarəçilik”də ittiham olunması üçün zəmin yaradılması ehtimalı yüksək qiymətləndirilir.

Bütün bunların fonunda əsas sual açıq qalır: Paşinyan hakimiyyəti və onun Qərbdəki tərəfdaşları Kremlin Ermənistanda həyata keçirmək istədiyi təsir planlarının qarşısını ala biləcəkmi? Yoxsa Ermənistan yenidən Rusiyanın dominant təsir zonasına qayıdaraq "boz təhlükəsizlik məkanı”na çevriləcək?..

Siyasət şöbəsi
--> -->