Dünyada universitetlərdə təhsil alan tələbələrin sayı son 20 ildə iki dəfədən çox artaraq 2024-cü ildə 269 milyona çatıb. 2000-ci ildə bu göstərici təxminən 100 milyon idi.
Qaynarinfo xəbər verir ki, bu barədə UNESCO-nun hesabatında deyilir.
Eyni dövrdə beynəlxalq tələbə mobilliyi də üç dəfə artıb - hazırda təxminən 7,3 milyon tələbə xaricdə təhsil alır. Onların yarısı Avropa və Şimali Amerika ölkələrində təhsil alır. Hesabatda ABŞ, Böyük Britaniya, Avstraliya, Almaniya, Kanada, Fransa və Rusiya əsas qəbul edən ölkələr kimi göstərilir. Rusiya əsasən Mərkəzi Asiya və keçmiş SSRİ ölkələrindən olan tələbələri qəbul edir.
Bununla yanaşı, UNESCO ekspertləri qeyd edirlər ki, bu sürətli artımın arxasında regional bərabərsizlik kimi ziddiyyətli məqamlar da mövcuddur.
Qərbi Avropa və Şimali Amerikada 18–24 yaş arası gənclərin ali təhsilə cəlb olunma səviyyəsi təxminən 80 faiz olduğu halda, Latın Amerikası və Karib hövzəsində bu rəqəm 59 faiz, ərəb ölkələrində 37 faiz, Cənubi və Qərbi Asiyada 30 faiz, Saharaaltı Afrikada isə cəmi 9 faizdir. Orta dünya göstəricisi 146 ölkə üzrə 43 faiz təşkil edir.
Hesabatda həmçinin bildirilir ki, qadınlar ali təhsil sistemində ümumi say baxımından kişiləri üstələsələr də, doktorantura səviyyəsində hələ də geridə qalırlar.
Aydın
Şərhlər