Xəbər lenti

Bu ölkədə ordu senata basqın etdi: Silah səsləri eşidilir
Dünya 17:59 13.05.2026

Bu ölkədə ordu senata basqın etdi: Silah səsləri eşidilir

Filippinin paytaxtı Manila şəhərində Senat (parlament) binasında silah səslərinin eşidilməsi təhlükəsizlik həyəcanına səbəb olub, bina giriş və çıxışlara bağlanıb. Hadisə zamanı hərbi qüvvələrin binaya daxil olduğu bildirilərkən, ərazidə genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.

Qaynarinfo xəbər verir ki, yerli media binanın daxilində ən azı 10 dəfə atəş açıldığını bildirərkən, Senat sədri Alan Piter Kayetano "Hücum altında olduğumuz bildirildi” açıqlamasını verib.

Filippində fəaliyyət göstərən "ABS-CBN News” telekanalının məlumatına görə, Manila şəhərindəki Senat binasında axşam saatlarında qarışıqlıq yaşanıb. Hadisə yerində olan jurnalistlər bina daxilindən ən azı 10 silah səsinin gəldiyini bildiriblər.

Senat sədri Alan Piter Kayetano da sosial media hesabında paylaşdığı videoda silah səslərini təsdiqləyərək deyib: "Bura Filippin Senatıdır, deyilənə görə hücum altındayıq".

Kayetano bildirib ki, hadisədən əvvəl dörd senatorun iştirak etdiyi görüş zamanı onlara "bir hadisənin baş verəcəyi” barədə xəbərdarlıq daxil olub. Bu səbəbdən bəzi şəxslərə binanı tərk etmələri tövsiyə edilib. Hadisədən sonra Senat binası təhlükəsizlik qüvvələri tərəfindən tamamilə bağlanıb. Giriş və çıxışlara icazə verilməyib.

BBC-nin yaydığı məlumata görə, Senat binasına komandolar daxil olub, ətraf ərazilərdə isə qalxan və dəbilqə ilə təchiz edilmiş çevik qüvvə dəstələri yerləşdirilib.

Filippinin daxili işlər naziri Convik Remulla hadisə yerinə gələrək araşdırmalar aparıb. Remulla hücum edən şəxslərin kimliyi ilə bağlı suala "Bilmirik” cavabını verib.

İndiyədək hadisə nəticəsində ölən və ya yaralananların olması barədə rəsmi açıqlama verilməyib.

BBC-nin məlumatında böhranın Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən axtarılan senator Ronald Dela Rosa ilə əlaqəli ola biləcəyi qeyd olunub. Bildirilir ki, Dela Rosa daha əvvəl həbs olunmasının yaxın olduğunu düşündüyünü bildirib və tərəfdarlarına çağırış edib. Senatorun hazırkı yerləşdiyi məkanın isə məlum olmadığı vurğulanıb.

Ronald Dela Rosa keçmiş Filippin prezidenti Rodriqo Dutertenin hakimiyyəti dövründə həyata keçirilən narkotiklərlə mübarizə əməliyyatlarında polis rəisi kimi fəaliyyət göstərib. ICC həmin dövrdə çoxsaylı şəxslərin öldürülməsi ilə bağlı araşdırma aparır.

Keçmiş prezident Rodriqo Dutertenin 2025-ci ilin mart ayından etibarən Haaqada həbsdə saxlanıldığı bildirilib. Duterte Filippinin 2019-cu ildə Roma Statutundan çıxdığını əsas gətirərək ICC-nin səlahiyyətlərini tanımadığını açıqlayıb.

Lakin ICC-nin Məhkəməyədək Palatası ittiham olunan hadisələrin Filippinin hələ təşkilata üzv olduğu dövrdə baş verdiyinə qərar verərək prosesin davam etdirilməsinə hökm edib.

Senat binası qarşısında toplaşan bəzi etirazçılar Ronald Dela Rosanın həbs olunaraq Duterte ilə birlikdə mühakimə edilməsini tələb ediblər. Senatorun vəkillərinin isə mümkün ekstradisiya və ya saxlanılma prosesinin qarşısını almaq üçün Ali Məhkəməyə müraciət etdiyi bildirilib.

Aydın
--> -->