Ultra sağçı, Rusiya tərəfdarı olan rumın siyasətçi Kelin Georgesku Ukraynanı uydurma dövlət adlandırıb və onun qonşu ölkələr arasında bölünməsinin qaçılmaz olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, jurnalist İon Krista ilə müzakirəsi zamanı deyib.
Georgesku Ağ Evdən diktə edilən yeni dünya bölgüsündən danışarkən, sülh razılaşmasından sonra Ukrayna ərazilərinin bölünməsi və bunun Rumıniya üçün faydaları barədə arzularını dilə gətirib.
"Dünya dəyişir. Sərhədlər dəyişəcək. Daha da önəmlisi – əgər sərhədlər dəyişsə, biz harada olacağıq? Şimali Bukovina – maraq dairəmizdir. Bujak, Şimali Maramureş – elə deyilmi? Keçmişdə... necə adlanırdı... Zakarpatiya! Burada macarlar var... Lvov isə polyakların olacaq və Malorossiya..." – deyə Georgesku bildirib.
Siyasətçidən Ukraynanın bölünəcəyinə inanıb-inanmadığını soruşduqda, o, qəti cavab verib:
"Yüz faiz belə olacaq. Onların başqa yolu yoxdur! Belə bir senariyə gedən yol qaçılmazdır. Ukrayna uydurma dövlətdir. Bu, Ukrayna Sovet Sosialist Respublikasıdır", – deyə o vurğulayıb.
Bundan əvvəl Georgesku bildirmişdi ki, hakimiyyətə gəldiyi halda Ukrayna taxılının Rumıniya vasitəsilə ixracını və Kiyevə hərbi yardımın davam etdirilməsini qadağan edəcək.
Georgesku may ayında keçiriləcək təkrar prezident seçkiləri ərəfəsində ən populyar namizəd olaraq qalır.
Alpər
Şərhlər