"Suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı bundan sonra Azərbaycan, Türkiyə və Özbəkistan birgə fəaliyyət göstərəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan XİN rəhbərləri, iqtisadiyyat-ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünü şərh edərkən deyib.
"Bu proses əvvəllər də mövcud olub, amma indi daha da gücləndiriləcək. Orta Dəhlizin rolu günü-gündən artır. Bu dəhliz geosiyasi məqsədlər və ticarət dövriyyəsində böyük əhəmiyyət kəsb edir. Həmçinin, investisiya, loqistika, rəqəmsallaşma, iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində mövcud potensialdan tam istifadə olunması müzakirə edilib", deyə Rüstəm Tağızadə bildirib.
Həmsöhbətimiz düşünür ki, gələcək konfranslarda Qazaxıstan da anoloji prosesdə iştiraka cəlb edilə bilər:
"Azərbaycanla Qazaxıstan arasında son dövrlər ticarət dövriyyəsi xeyli artıb. Sadaladığım bu məsələlərdə birgə olmaq yaxşıdır. Çünki prosesdə hər hansı bir dövlət iştirak etməyəndə, onlar daxilində narahatçılıq olmasa da, nöqsanlar mövcud ola bilər. Burada Mərkəzi Asiya ölkələrini nəzərdə tuturam. Bununla belə, indiki halda türk dövlətləri arasında olan birliyin inkişaf etdirilməsi üçün hər bir ölkə öz əradəsini ortaya qoymalıdır. Onu da qeyd edim ki, türk dünyasının inkişafı üçün birgə addımlar atılır. Ancaq ona maneə olan qüvvələr də var. Bu qüvvələr türk coğrafiyasının genişlənməsindən narahat olurlar. Bununla bağlı bir qrup formalaşdırılmalıdır. Ümumiyyətlə, təhdidləri aradan qaldırmaq üçün işçi qrupları daha səmərəli fəaliyyət göstərsə prosesdə daha çox effektivlik müşahidə olunar".
Qeyd edək ki, Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat- ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçirilir. Bu münasibətlə xarici işlər naziri Ceyhun Bayramov Ankara şəhərinə işgüzar səfərə yola düşüb.
Rüfət Sultan
Şərhlər