Avropanın bəzi dağ-xizək kurortları qar çatışmazlığı səbəbindən daimi olaraq bağlandığı bir vaxtda digərləri həddindən artıq turist axını ilə üzləşir. Bu vəziyyət İtaliyanın Abrutso bölgəsində yerləşən Rokkarozo kurortunda da müşahidə edilib.
Qaynarinfo xəbər verir ki, "CNN Travel"in
məlumatına görə, ötən bazar günü sosial şəbəkələrdə influenserlərin güclü qar yağışı ilə bağlı paylaşdıqları paylaşımlar turist şirkətlərini Neapoldan ucuz səfərlər təşkil etməyə sövq edib. Məqsəd isə şəhər sakinlərinin dağ havasından həzz almasını təmin etmək olub.
Nəticədə, 220 turist avtobusu 130 kilometrlik, iki saatlıq səfərə çıxıb və ziyarətçilərlə dolu avtomobillərlə birlikdə kurortun dar yollarını tamamilə bağlayaraq 1500 yerli sakinin narazılığına səbəb olub.
Turist qrupları 20 dollar ödəməklə səfərə qatılıb, bu qiymətə hətta sendviç də daxil olub. Lakin onlar kurortda xaos yaradaraq xizək qaydalarına məhəl qoymadan hərəkət edib, hətta əşyalarından istifadə edərək improvizə olunmuş xizək və kirşələrdə sürüşüblər.
Bundan əlavə, ziyarətçilər ərazidə manqal yandıraraq isinməyə və yemək hazırlamağa çalışıb, ətrafda tullantılar buraxıblar. Bu hadisələrdən sonra Rokkarozo ətrafındakı bələdiyyələr kütləni nəzarətdə saxlamaq üçün müəyyən məhdudiyyətlər tətbiq edib. Bu məhdudiyyətlərə turist avtobuslarının bölgəyə girişinin məhdudlaşdırılması da daxildir.
İtaliya mediası yaranan vəziyyətin məsuliyyətini Neapoldan olan məşhur bloger Rita de Kreşenzoya yükləyir. Son həftələrdə o, "TikTok" və digər sosial şəbəkələrdə bir neçə video paylaşaraq insanları qar mənzərəsindən həzz almağa çağırıb. Onun paylaşımlarının populyarlığından istifadə edən bir neçə ucuz turizm şirkəti bu səfərləri təşkil edib, hətta bəziləri onun paylaşımlarını sitat gətirib.
Lakin de Kreşenzo bu vəziyyətdə özünü günahkar hesab etmir:
"Mən Rokkarozo üçün möhtəşəm bir reklam təşkil etdim, bazar ertəsi və çərşənbə axşamı orada idim və paylaşımlarım insanları valeh etdi".
Rokkarozo meri Françesko di Donato CNN-ə açıqlamasında icazəsiz turist avtobuslarının bölgəyə "həqiqi hücum" təşkil etdiyini və vəziyyəti "cəhənnəmə çevirdiyini" deyib. Xüsusilə, kurort yaxınlığında evləri olanlar və mövsümi xizək keçidlərinə sahib olanlar üçün şərait çətinləşib.
Mer bildirib ki, adi qış həftəsonlarında bölgədə təxminən 20 min xizəkçi və əlavə 15 min kirşə sürən və ya dağ yürüşləri edən turist olur. Bazar günü gələn əlavə 10 min nəfər isə bölgə üçün təhlükə yaradıb.
Fevralın 2-də - növbəti bazar günü üçün isə daha iki dəfə çox günlük turların sifariş edildiyi bildirilir. Buna görə də Rokkarozo meri Abrutso paytaxtı L'Akvila prefekturasına müraciət edərək yol polisi və təhlükəsizlik qüvvələrinin vəziyyətə nəzarət etməsini istəyib. Çünki kiçik şəhər bu qədər turist axınının öhdəsindən təkbaşına gələ bilmir.
Bu arada, bəzi günlük turistlər sosial mediada yerli sakinləri diskriminasiyada günahlandıraraq, onların Neapoldan gəldiklərinə görə qərəzli yanaşdıqlarını bildiriblər. Lakin mer qeyd edib ki, şəhər daha çox turisti qəbul etməyə hazırdır, sadəcə ziyarətçilər qaydalara əməl etməli və digərlərinə hörmət göstərməlidirlər.
Aydın
Şərhlər