...Əsas məsələ demokratiyadırsa, bizə öyrədilən demokratiya iflasa uğradı. Soros çocuqları demokratiyanı minib-çapdı, yordu və urvatdan saldı. Qloballaşma isə yeni cilddə davam edir.
Trampın yeni texnoloji inqilab işığında "səlib yürüş"ə başlaması onun yarımçıq qalmış cəhdlərinin davamı, yaxşı xatırlanan hekayəsinin sehri, dadıdır. Bu hekayədə ətrafına toplaşmış Amerika kütləsinin hənirtisi onu yaxşıca isitdi. İnsan hənirtilərinə toxuna bilmək siyasətin alt qatındadır - sirdir, instinkdir, məharət və sehrbazlıq tələb edir. Bu isə Trampda istedad səviyyəsindədir.
Andiçmə mərasimində onun alovlu çıxışını dinləyən Bayden süst qalmışdı, yəqin ki, bütün həyat təcrübələrinə rəğmən, o, Trampın heyrətamiz sehrbazlığı barədə düşünürdü...
Mən isə Trampın çıxışından sonra Yuri Qaqarini xatırladım. Qaqarin aya uçanda bu dünyada yoxdum, yalnız onun boz ayda (27 mart 1968-ci il) ölümündən altı ay sonra, isti yay günündə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dünyaya göz açdım və bunun üstündən təxminən altı-yeddi il də keçdi. Sonra, yuxarıda adını çəkdiyim kənddə, skafandrın içindən boylanan o tarixi şəxsiyyəti kəşf etməyə başladım. Elə o dövrdə oktyabryat nişanının üstündəki pırpız saçlı Volodyanı (böyüyəndən sonra Lenin olacaq o cüvəllağını) tanımağa, daha doğrusu, qəbul etməyə çalışırdım ki, ortaya parlaq gülüşləri ilə məni sehrləyən bu qəhrəman, Yuri Qaqarin çıxdı və digər bütün ideoloji bütləri yıxıb onların yerinə keçdi.
Aya uçan ilk İnsan! Onun ilk dəfə gördüyüm ağ-qara fotosunu hələ də xatırlayıram. O gülüşlərdən biz tərəflərdə yox idi. Nənəmin, atamın, əmimin, bacımın mehriban üzü də bu gülüş qədər doğma, sehrli deyildi...
Sonradan öyrəndim ki, Sovet imicmeykerləri (başqa adla desək, ideoloqlar) Qaqarini həm də bu parlaq, sehrli gülüşünə görə seçmişdilər. Getdi, fırlandı, gəldi.
Böyüdükcə, hər dəfə parlaq aya baxdıqda Qaqarinin o sehrli gülüşü də gözümün qabağına gəlirdi. Ulduzları seyr etdikcə yeni-yeni arzularım qanadlanırdı. Deməyim odur ki, bəzən bircə sıçrayış və o sıçrayışın ifadəsi olan tək bir gülüş yeni arzular doğura, dünyamızı ətrafında toplaya bilər...
Bəs, görəsən,Tramp bu dünyanı nəyin, hansı əlçatmaz arzunun ətrafında toplamağa çalışır? Mars! İndi də oraya - o qırmızı planetə gedəcəyik. Ayı abıra saldıq, qaldı Mars...
Texnologiya milyarderləri hər gün, hər saat, sərhədsiz media manipulyasiyaları vasitəsilə sübut etməyə çalşırlar ki, sivilizasiyamız növbəti qlobal, tarixi testə hazırdır. İndiki elmi tərəqqi, həqiqətən də, buna inam yaradır. Hətta belə görünür ki, qlobal istiləşmədə insan və cəmiyyət faktorunun nə qədər cüzi, nə qədər ümidsiz olduğunu araşdırmağa da elmin və milyarderlərin vaxtı, həvəsi olub. Başa düşüblər ki, planet özü nəfəs alır, istədiyi kimi dəyişir, insanın müdaxiləsindən də milyon qat böyük bir güclə, özcə nüvəsindən və sirli kosmosdan idarə olunur.
Əslində Marsa səyahət cəhdləri, bütün bu kimi texnoloji sıçrayış həvəskarlığı insan xislətinin durdurula bilinməyəcək irəli qaçış instinktidir, tükənib-bitə, durub-dayana bilməz, proqramlaşdırılıb. Ona görə də istənilən yeni cəhd həm də dünyaya, bəşəriyyətə yenidən baxışdır. Nəticəsi isə necə olacaq, bilinmir...
Hə, onu demək istəyirdim ki, bir vaxtlar mən də Qaqarinin o parlaq sıçrayışının, ümidverici gülüşünün sehrinə düşüb Mars proqramı barədə xeyli mütaliə etməyə, araşdırmalar aparmağa başladım. Hətta, utanmasam deyərdim ki, gedər-gəlməz Mars səfərinə də hazır idim.
Sonra başa düşdüm ki, yaşadığım bu mavi planet mənim evimdir, onu çox sevirəm, qoy elə burada qalım, əvəzimə də başqaları getsin. Əlbəttə, bütün ətalətimə rəğmən, bir gözüm yenə də Marsa gedənlərdə qalacaq...
Amma məhdud bilgilərim əsasında onu da deyə bilərəm ki, əslində biz artıq Marsdayıq, onu öyrənirik, ovcumuzun içindəki kimi görürük və belə çıxır ki, oraya getməyimizə lap az qalıb. Buna baxmayaraq, yenə də ibtidai bilgilərimə əsaslansam, əslində bu proqramın iflasın astanasında ola biləcəyini düşünürəm. Daha doğrusu, İnsana, onun sirli-sehrli xislətinə görə.
Belə başa düşürəm ki, elm insanın qədim şifrələri qarşısında acizdir. Xüsusilə, bioloji faktorların. Məsələn, Marsa kimlər gedəcək, onların qida, radiasiyaya uğrama və çəkisizliyə dözüm məsələləri bir yana, ortaya ciddi sual da çıxıb: psixoloji uyğunlaşma. Görəsən, oraya gedib çatan İnsan, xüsusən də, onun orqanizmi özünü necə aparacaq? Deyəsən, biz hələ də bilmirik ki, Marsa gedib çatan İnsanın bağırsaqları necə işləyəcək, maddələr mübadiləsi necə olacaq, xüsusilə, bağırsaqlardan ixrac olunan mikroelementlərin bayıra atılması alqoritmi necə baş verəcək? Əminəm ki, Mars proqramını həyata keçirənlər gec-tez bu suallara cavab tapacaqlar. Bəlkə də, tapıblar. Bəs cavab nədir? Əgər oraya da robot, süni, broyler şəraitində yetişdirilən "insan" gedəcəksə, ta bunun harası Mars proqramı oldu, canım? Bunu nə təhər İnsanlığın böyük sıçrayışı hesab edəcəyik?
Yadımdadır, Qaqarindən sonra kosmosda yaşamaq barədə çox şayiələr gəzirdi: xüsusilə, kosmik gəmilərdə yaşamalı olan kosmonavtlara verilən qidanın silikon, rəngsiz, dadsız olduğu barədə. Bəs, görəsən, Marsa hazırlanan və ağız dadı bu gözəl planetin nemətlərindən formalaşan İnsan necə dəyişə biləcək?
Yenə broyler toyuqları, daditirmə, mədədaraltma cərrahi əməliyyatları, o cümlədən digər silikon əməliyyatlar, istixana tərəvəzləri, həmçinin bu yaxınlarda "Euronews"da süni ət istehsalı üçün lisenziya almış şirkət barədə süjet yadıma düşdü.
Bütün bunlar Trampın bizə aşılamaq istədiyi Mars sevdasından nəinki dadlı deyil, hətta bu sevda sobadan indicə çıxmış şirin kökəyə də bənzəyir. Lakin bu Ay deyil, Marsdır və çox uzaqlardadır. Oraya gedəcək İnsan tipi isə nə Yuri Qaqarin ola bilər, nə də Nil Armstronq. Deyəsən, əvvəlcə İnsan kəşf edilməlidir...
Məqsəd Nur
Şərhlər