Hələ 3 ay bundan əvvəl, noyabrın əvvəllərində "Sabah”ın problemlərindən yazmışdım. Sual etmişdim ki, hazırkı rəhbərliklə, konkret Maqsud Adıgözəlovun idarəçiliyi ilə "Sabah” problemlərini həll edib, ağ günlərə çıxa bilər, ya yox. Bizim cavab tapmağa çalışdığımız sualın cavabını zaman özü verdi.
Onda "Sabah”ın baş məşqçisi xorvatiyalı Krunoslav Renduliç idi. Əcnəbi baş məşqçinin rəhbərliyi altında avrokuboklarda fiaskoya uğrayan "Sabah” ölkə çempionatında da qeyri-sabit çıxış etdi. Komandanın nəticələri nə "Sabah”ın iddialarına uyğun idi, nə də legionerlərin transferlərinə xərclənən pullara. Mən hələ xorvat Renduliçin və onun köməkçilərinin Azərbaycana dəvət olunması üçün havaya sovrulanlar yüzminləri demirəm. İstənilən azərbaycanlı məşqçi "Sabah”ı Renduliçdən daha yaxşı hazırlayıb, qat-qat yaxşı nəticələr qazanardı. Nədənsə bunu "Sabah”ın idarəçiləri başa düşmək istəmədilər.
Düzdür, onlar zərərin yarısından qayıtmağa çalışıb, xorvatiyalını mövsümün ortasında istefaya göndərdilər. Amma Molla Nəsrəddinin məhşur lətifəsində deyildiyi kimi, yenə də günahın üzrü günahın özündən betər oldu. "Sabah” xorvatiyalını yola salandan sonra yenidən əcnəbiyə qucaq açdı. Bu dəfə rusiyalı Vasili Berezutskinin çiyninə "şahlıq quşu” qondu. Renduliç bura gələnə qədər ortabab klublarda baş məşqçi kimi çalışmışdısa, rusiyalı mütəxəssis ilk və kövrək addımlarını Bakı klubunda atmağa başladı. "Sabah”dakı etimada qədər heç vaxt müstəqil baş məşqçi kimi çalışmayan Vasili Berezutskinin sonuncu görəvi Çin klubunda (!) həmyerlisi Leonid Slutskiyə yardım etmək olmuşdu. Bu səbəbdən də adamın birdən-birə böyük etimada layiq görülməsi şəxsən mənə xeyli qəribə gəlmişdi. Guya ki, Azərbaycanda o səviyyədə məşqçi yox imiş.
Qış fasiləsinə "Şamaxı”ya 1:3 hesablı məğlubiyyətlə yollanan "Sabah” artıq üç turdur ki, qələbəyə həsrət qalıb. Beruzutskinin çalışdırdığı komanda 19-cu turda 7-ci yerdə qərarlaşan "Neftçi”ylə görüşdən 1 xalla ayrıldı. 20-ci turda isə rəqib "Sumqayıt” oldu və "Sabah” yenə də qələbə qazana bilmədi. 20 tura 10 dəfə heç-heçə oynayan "Sabah” Premyer Liqanın ən "sülhsevər” komandasıdır. Masazır təmsilçisi sanki meydana "uda bilmirəmsə, uduzmayım” prinsipi ilə çıxır. İtirilən xallar isə komandanı mükafatçılar sırasından uzaq salmaqdadır. "Sabah” cəmi 28 xal toplayıb və 5-ci pillədə yer alır. Komanda lider "Qarabağ”dan 22 (!), ikinci yerdəki "Araz Naxçıvan”dan 14, 3-cü pillədəki "Zirə”dən isə 8 xal geri qalıb. "Turan Tovuz”la da xal fərqi yeddiyə bərabərdir. Göründüyü kimi, "Zirə” azı üç oyunda uduzmalıdır, bu zaman kəsiyində "Sabah” heç büdrəməmələdir ki, mükafatçılar sırasına düşmək mümkün olsun. Mən hələ "Turan Tovuz”un da 3-cü pilləyə göz dikməsini demirəm.
"Sabah”ın maddi imkanları "Zirə”dən də, "Turan Tovuz”dan da qat-qat üstündür. "Araz Naxçıvan”ı bu komandalarla heç müqayisə etmək mümkün deyil. Əvəzində Elmar Baxşıyevin çalışdırdığı komanda "Sabah” da daxil "Qarabağ”dan savayı bütün komandalara yuxarıdan aşağı baxır. "Sabah” isə çarəsiz görünür, turlar irəliləyir, "ilk üçlük” uzaqlaşır. Maqsud Adgözəlov bekar vaxtlarında "Araz Naxçıvan”ın uğur yolunu öyrənib, onlardan nümunə götürə bilər. Bəlkə onda "Sabah”a uğur qazandıra bildilər.
Amal Abuşov
Şərhlər