Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib. Lakin Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.
Bununla bağlı sənəd bir müddət öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib. Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Yoxlamaların daha bir il dayandırılması sahibkarlar üçün nə vəd edir?
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu qanun Azərbaycanda son 7 ildir tətbiq olunur:
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının haqqında" qanun çox yaxşıdır. Mən bunun əleyhinə deyiləm. Yenidən bir il müddətinə uzadılması da sahibkarlar üçün heç nəyi dəyişməyəcək. 7 ildir sahibkarların fəaliyyəti məhdud şəkildə yoxlanılır. Sahibkarlıq obyektində yoxlama apara bilmək hüququ olan qurumlar bunu edə bilirlər. Bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və "Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır".
İqtisadçının sözlərinə görə, bu müddətin uzadılması sahibkarlar üçün nəyisə dəyişdirməsə də çox yaxşıdır. Bunun da öz səbəbləri var:
"Çünki Azərbaycanda sahibkarlıq obyektlərinin yoxlanılması etikası hələ formalaşmayıb. Sahibkar, Azərbaycan vətəndaşı yoxlamanın xeyrindən çox ziyanını görür. Çox vaxt yoxlamalar bəzi maraqların güdülməsinə, biznesin sıxışdırılmasına, biznesə əlavə problemlər yaradılmasına gətirib çıxarır. Ona görə də bu yoxlamaların aparılmasının uzadılması müsbət addımdır".
Davud
Şərhlər